DÜNYA
Türkiyədə avtobus faciəsi: həlak olanların sayı artır
Bakı, 13 may, AZƏRTAC
Türkiyənin Marmaris bölgəsində turist avtobusunun qəzaya uğraması nəticəsində həlak olanların sayı artır. Son məlumata görə, avtobusun altından daha üç nəfərin cəsədi çıxarılıb. Bununla da ölənlərin sayı 23-ə çatıb. Yaralanan 11 nəfərdən bəziləri ağır vəziyyətdədir.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, avtobus sərt döngədə idarəetməni itirərək təxminən 15 metr hündürlükdən aşağıdakı avtomobil yoluna yuvarlanıb. Muğla valisi Çiçek ölənlər arasında xarici turistlərin olmadığını deyib. Onun sözlərinə görə, avtobusdakıların əksəriyyəti İzmir vilayətindən Marmarisə həftəsonu istirahətə gedən qadınlar olub.
Xatırladaq ki, turist avtobusu bu gün yerli vaxtla saat 12:30 radələrində Muğla-Antalya avtomobil yolunda qəzaya uğrayıb.
Qəzanın səbəbləri sırasında sürücünün səhvi, sürət həddinin aşılması, əyləcdə nasazlıq, təkərin partlaması kimi ehtimallar səsləndirilir.