MƏDƏNİYYƏT
Türkiyədə azərbaycanlı deputatın kitablarının təqdimatı olub
Bakı, 18 aprel, AZƏRTAC
Türkiyənin Nevşəhər vilayətində Milli Məclisin deputatı Qənirə Paşayevanın və nevşəhərli şairə Ayşə Paslanmazın yeni kitablarının təqdimatı olub.
Beynəlxalq Kapadokya şeir və mədəniyyət festivalında və bu çərçivədə keçirilən Makedoniya dostluq gecəsində iştirak etmək üçün Nevşəhərdə səfərdə olan Makedoniya Prezidenti Georgi İvanov və bu ölkənin bir sıra nazirləri, Nevşəhər bölgəsinin rəhbərliyi, ziyalılar, jurnalistlər mərasimdə iştirak ediblər.
Q. Paşayevanın Türkiyədə türk dilində nəşr edilən “Allah sevən qəlblərlədir (“Səni Allaha eşq aparar”), “Eşq başqa”, həmmüəllifi olduğu “Xocalı soyqırımı: Şahidlərin dilindən”, Nevşəhər də daxil olmaqla Türkiyənin 20-dən çox bölgəsindən bəhs edən “Qənirə Paşayeva ilə addım-addım türk dünyası” və yeni çapdan çıxmış “Aşiq oldum sənə - Nevşəhər” kitablarının təqdimatı olub.
Q. Paşayeva “Xocalı soyqırımı: Şahidlərin dilindən” kitabını və digər kitablarını imzalayaraq Makedoniya Prezidentinə, Nevşəhərin rəhbər şəxslərinə, KİV təmsilçilərinə hədiyyə edib.