SİYASƏT


Türkiyədə azərbaycanlı diplomatın ermənilərin İrəvan xanlığı ərazisinə köçürülməsinə dair məqaləsi çap olunub

A+ A

Ankara, 1 sentyabr, AZƏRTAC

Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Şöhrət Mustafayevin Türkiyə Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən Atatürk Araşdırma Mərkəzinin jurnalında “XVIII-XX əsrlərdə ermənilərin tarixi Azərbaycan torpağı olan İrəvan xanlığına köçürülməsi siyasəti” sərlövhəli elmi məqaləsi dərc edilib.

Məqalədə tarixi Azərbaycan torpağı olan İrəvan xanlığının ərazisinə XVIII-XX əsrlərdə ermənilərin köçürülməsi siyasətindən və eyni zamanda, bu siyasətin nəticəsində yerli Azərbaycan türklərinə qarşı həyata keçirilən kütləvi qırğınlardan bəhs olunur. Müəllif tarixi Azərbaycan torpaqlarını işğal etməyə can atan və bu torpaqlarda öz maraqlarını hər zaman təmin etmək niyyətində olan çar Rusiyasının işğalçılıq siyasəti nəticəsində dünyanın müxtəlif yerlərindən, xüsusilə İran və Osmanlı dövlətlərinin ərazisindən İrəvan xanlığına ermənilərin köçürülmə siyasətinin ayrı-ayrı məqamlarını təhlil edib. Məqalədə müxtəlif mənbələrə istinad edilərək çar Rusiyasının o dövrdə bölgənin böyük gücləri hesab olunan İran və Osmanlı dövlətləri ilə apardığı müharibələr zamanı və müharibələrdən sonra erməni din xadimləri və millətçi dairələri ilə birgə fəaliyyətlərinə dair yeni-yeni faktlar tədqiqata cəlb olunub. Yazıda, həmçinin öz müstəqilliyini qoruyaraq ermənilərin İrəvan xanlığı ərazisinə köçürülməsinin qarşısını almaq məqsədilə İrəvan xanlarının Osmanlı dövləti ilə münasibətlərinə dair mühüm məqamlardan bəhs olunur. Məqalədə İrəvan xanlarının yadelli işğalçılara qarşı mübarizədə Osmanlı sultanları ilə yazışmalarına dair mühüm mənbələr var.

Müəllif 1827-ci ildən XX əsrin sonlarına qədər olan müddətdə İrəvan və onun ətrafında aparılan demoqrafik siyahıyaalmanın nəticələrinə dair tarixi sənədlər əsasında son 200 ildə həyata keçirilən assimilyasiya siyasəti nəticəsində bu bölgədə azərbaycanlıların başlarına gətirilən ağır məhrumiyyətlər barədə oxucuları məlumatlandırır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.