DÜNYA
Türkiyədə keçirilən antiterror əməliyyatları zamanı 29 nəfər saxlanılıb
Bakı, 1 aprel, AZƏRTAC
Türkiyədə keçirilən antiterror əməliyyatlarda DHKP-C terror qruplaşmasına bağlılığı ehtimal olunan 29 nəfər saxlanılıb.
AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, İzmir polis idarəsi ikisi dərnək olmaqla 11 ünvanda eyni vaxtda əməliyyat keçirib. Xüsusi təyinatlı polis dəstələrinin iştirak etdiyi əməliyyatlar nəticəsində 5 nəfər saxlanılıb. Axtarış zamanı DHKP-C qruplaşmasına aid olan sənədlər, məhkəmə qərarı ilə qadağan olunmuş nəşrlər və 30 patron aşkarlanıb. Əməliyyatlar çərçivəsində daha üç nəfərin axtarışda olduğu bildirilir.
Bundan başqa Antalyada keçirilən əməliyyatlarda 19, Eskişəhərdə isə 5 nəfər saxlanılıb.
Xatırladaq ki, martın 31-də prokuror Mehmet Selim Kiraz DHKP-C terror qruplaşmasının iki üzvü tərəfindən İstanbul Ədalət Sarayında girov götürülmüş, aldığı güllə yaralarından xəstəxanada dünyasını dəyişmişdi. Bu hadisə ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rumıniya səfərini erkən başa vuraraq ölkəsinə dönəcəyi və Mehmet Selim Kirazın ailəsini ziyarət edəcəyi bildirilir. Baş nazir Əhməd Davudoğlu isə Ankaradan İstanbula gələrək cənazə namazına qatılacaq.
Bu gün isə İstanbulda Hakim Ədalət və İnkişaf partiyasının Üsküdar küçəsindəki mənzil-qərargahına hücum edildiyi barədə məlumatlar yayılıb. Hücum edənlər binanın pəncərəsindən üstündə qılınc şəkili həkk edilmiş türk bayrağı asıblar. Keçirilən əməliyyat nəticəsində hadisəni törədənlər tutularaq polis bölməsinə aparılıb. Hadisə zamanı xəsarət alan olmayıb.