MƏDƏNİYYƏT
Türkiyədə kino-sənaye nümayəndələrinin iştirakı ilə işgüzar görüşlər keçirilib
Bakı, 28 iyun, AZƏRTAC
Türkiyənin Alanya şəhərində Azərbaycan, Hollandiya, Türkiyə və Qazaxıstanın kino-sənaye nümayəndələrinin iştirakı ilə işgüzar görüşlər keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə milli kinematoqrafiyaların hazırkı durumu, film distribusiyasında müşahidə olunan yeni tendensiyalar, beynəlxalq birgə kino istehsalı imkanları ilə bağlı məsələlər müzakirə olunub.
Tədbirdə film və televiziya prodüserləri, distributorlar, reklam mütəxəssisləri, eləcə də rejissorlar, ssenaristlər iştirak edib.
Görüşdə ölkəmizi təmsil edən rejissor və ssenarist Asif Rüstəmov və “Azərbaycanfilm” kinostudiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Səmayə Əsgərova Azərbaycanda kinematoqrafiyanın vəziyyətindən, mövcud iqtisadi şəraitdə onun inkişaf xüsusiyyətlərindən, birgə istehsal üçün xarici istehsalçı qurumlara təklif edilən əlverişli imkanlardan bəhs ediblər.
Görüş Alanya Beynəlxalq Film Festivalı çərçivəsində keçirilib.
İyunun 30-dək davam edəcək festivalda “Azərbaycanfilm” kinostudiyasının “Nabat” və “Axınla aşağı” filmləri nümayiş olunacaq.