MƏDƏNİYYƏT
Türkiyədə reallaşan ənənəvi tədbirdə balaca istedadlarımız da iştirak edib
Bakı, 6 may, AZƏRTAC
Milli Suverenlik və Uşaqlar Günü münasibətilə Türkiyədə keçirilən ənənəvi möhtəşəm tədbirdə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyası da iştirak edib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və İstanbulun Bəyoğlu Bələdiyyəsinin dəvəti ilə reallaşan səfər teatr-studiya üçün uğurlu məqamlarla yadda qalıb. Studiyanın balaca üzvləri minlərlə tamaşaçının izlədiyi rəngarəng konsert proqramında “Nağıl çələngi” adlı tamaşa-konsertlə çıxış ediblər. Şəhərin müxtəlif məkanlarında təşkil olunan konsertlərdə onların çıxışları böyük hərarətlə qarşılanıb. “Oyuq”un üzvləri - Aylin Nəcəfli, Tunar İsa, Selcan Musayeva və Nazim Hacıyev türkiyəli yaşıdları qarşısında Tıq-tıq xanım, Cırtdan, Gəlincik və Ələddin kimi məşhur nağıl qəhrəmanlarının obrazlarını canlandırıblar.
“Oyuq” teatr-studiyasının kollektivi növbəti ildə keçiriləcək ənənəvi tədbirə də dəvət olunub.
Qeyd edək ki, studiyanın iki üzvü isə Bolqarıstan və Belarusda təşkil ediləcək beynəlxalq uşaq musiqi və teatr festivallarına dəvət alıb.