DÜNYA
Türkiyədə referendumun nəticələri Avropanın öz iç üzünü göstərməsi üçün bir fürsət oldu
Berlin, 18 aprel, AZƏRTAC
Türkiyədə konstitusiyaya dəyişikliklər demokratik referendumda qəbul ediləndən sonra AFR-də əsl isteriya yaranıb. Almaniyanın aparıcı siyasi partiyalarının rəhbərləri Ankaranın Avropa İttifaqına daxil olması üzrə danışıqların ləğv olunmasını tələb ediblər.
Xristian Sosial İttifaqı sədrinin müavini Manfred Veber bildirib ki, Türkiyənin Avropa İttifaqına tamhüquqlu üzvlüyü “daha danışıqlar mövzusu ola bilməz”. M.Veber Türkiyənin Aİ-yə daxil olması perspektivlərini “xam xəyal” adlandırıb. Onun fikrincə, Türkiyənin Avropa İttifaqına üzvlüyü gündəlikdən çıxarılmalıdır. Gözlənildiyinə görə, Aİ ölkələrinin liderləri mayın əvvəlində keçiriləcək zirvə görüşündə Türkiyə ilə münasibətlərə yenidən baxılacağını elan edəcəklər.
Xristian Demokrat İttifaqı sədrinin müavini Yuliya Klökner “Huffington Post” nəşrində dərc edilmiş məqaləsində bildirib ki, Türkiyə üçün Aİ-nin qapısı birdəfəlik bağlanıb. Onun fikrincə, Aİ-yə daxil olması üçün Türkiyəyə dəstək dayandırılmalıdır.
Bundan əlavə, Solçu Partiyanın və “Yaşılların” liderləri Sara Vagenkneht və Cem Özdəmir Türkiyə ilə hərbi əməkdaşlığın da yenidən nəzərdən keçirilməsini tələb ediblər.
Qeyd edək ki, bir neçə il əvvəl Türkiyədə anlamağa başlayıblar ki, sırf “xristian dövlətlərinin klubu” olan Aİ-nin liderləri heç vaxt müsəlman ölkəsini bu quruma qəbul etmək niyyətində olmayıblar, lakin Türkiyəni Avropa İttifaqının tərkibində görmək istəməmələrinin həqiqi səbəblərini etiraf etmək Avropa siyasətçilərinə çətin idi. Axı onda onları dini ayrı-seçkilikdə ittiham edərdilər. Rədd cavabı vermək üçün Avropa liderlərinə münasib bəhanə lazım idi. İndi isə onlar referendumun nəticələrindən çoxdan axtarılan bəhanə kimi istifadə edə bilərlər. Ancaq Türkiyənin Aİ-yə daxil olmağa “yetərincə hazır olmaması” barədə riyakar bəyanatların arxasında əslində nələrin gizləndiyi hamıya aydındır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin