DÜNYA
Türkiyədə vəkillər bürosu sədrinin qətlindən iğtişaşlar üçün istifadəyə cəhdlər edilir
Diyarbəkir, 29 noyabr, AZƏRTAC
Noyabrın 28-də Türkiyənin Diyarbəkir vilayətinin vəkillər bürosunun sədri Tahir Elçinin PKK terrorçularının hücumu nəticəsində öldürülməsi ölkənin ictimai-siyasi həyatında yeni gərginlik atmosferi yaradıb. Bu hadisənin ardınca ölkənin iri şəhərlərində kütləvi etiraz aksiyalarının təşkil olunmasına göstərilən cəhdlər sübut edir ki, T.Elçinin qətlə yetirilməsində məqsəd Türkiyədə iğtişaşlar yaratmaqdır. Yaxud müəyyən qüvvələr bu qətldən istifadə etməklə təxribatlar həyata keçirmək istəyirlər.
Hökumət isə baş verə biləcək təxribatların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görür. İcazəsiz kütləvi toplantıların qarşısı alınır, bəzi şəhərlərdə antiterror əməliyyatları davam etdirilir.
Prezident Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxslər Tahir Elçinin ailəsinə başsağlığı veriblər. Daxili işlər naziri hadisə ilə bağlı Diyarbəkirə gəlib. Nazirliyin hadisəyə dair açıqlamasında bu terror hadisənin PKK tərəfindən törədilməsi təsdiqlənib. Bildirilir ki, bu barədə dəlillər var. Hadisədən bir neçə saat sonra terrorçular Tahir Elçinin öldürüldüyü yerə minaatanlardan atəş açıblar. Məqsəd terrorun izini itirməklə istintaqa mane olmaqdır.
Qeyd edək ki, Diyarbəkir vilayətinin Sur rayonunda keçirilən mətbuat konfransı zamanı terrorçuların hücumu nəticəsində təhlükəsizlik qüvvələri ilə yaranmış atışmada üç polis əməkdaşı, aralarında Anadolu Agentliyinin müxbiri Əziz Aslan olmaqla bir neçə nəfər xəsarət alıb. Yaralı polislərdən biri xəstəxanada həlak olub.
Kürd Fəhlə Partiyasının tərəfdarı olan Tahir Elçinin PKK tərəfindən qətlə yetirilməsinin səbəblərinə dair çoxlu suallar yaranıb. Ehtimal edilir ki, o, PKK-dakı daxili çəkişmələrin qurbanı ola bilər. Digər ehtimala görə, o, məlum atışmada təsadüfdən aldığı güllədən də ölə bilər. İstənilən halda bu hadisədən Türkiyə dövlətinə və mövcud hakimiyyətə qarşı istifadə edənlər az deyil.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Diyarbəkir