REGİONLAR
Türkiyədən dəvət olunan həkim-mütəxəssislər Gəncədə tibbi təlimlərə başlayıblar
Gəncə, 27 may, Rauf Hacıyev, AZƏRTAC
Gəncə şəhər Səhiyyə İdarəsində “Uşaqlarda təxirəsalınmaz vəziyyətlər zamanı və sonrakı həyat dəstəyi” mövzusunda tibbi təlimlərə başlanılıb.
İdarənin mətbuat katibi Məqsəd Rəhimov AZƏRTAC-a bildirib ki, iki gün davam edəcək təlimlər Səhiyyə Nazirliyinın “Ana və uşaqların salamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üzrə Tədbirlər Proqramı” çərçivəsində İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən və Türkiyə Səhiyyə Nazirliyinin "Çocuk Acıl Tip və Yoğun Bakım" dərnəyi tərəfindən təşkil olunub.
Azərbaycan və Türkiyədən dəvət olunan həkim-mütəxəssislər Gəncə və ətraf rayonlardan olan 60-a yaxın pediatr, təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının uşaq həkimləri və uşaq reanimatoloqlarına müxtəlif mövzularda seminarlar keçəcəklər.
İki gün keçiriləcək təlim və praktik məşğələlərin yekunu olaraq yazılı imtahanlar veriləcək.
Sonda kursun qiymətləndirilməsi aparılacaq, həkimlərə sertifikatlar təqdim olunacaq.