İQTİSADİYYAT
Türkiyəli alimlər Azərbaycanın neft strategiyasının əhəmiyyətindən danışıblar
İstanbul, 2 may, АZƏRTAC
İstanbulda fəaliyyət göstərən Usküdar Universitetində “Yüz ildir əvəzi qanla ödənən neft” mövzusunda konfrans keçirilib.
Konfransda professorlar İbrahim Yıldırım, Aykut Kazancıgil və İbrahim Öztekin çıxış edərək böyük güclərin dünyanın neft və qaz yataqları uğrunda mübarizələri, bu sahədə maraqlarını təmin etmək üçün münaqişələrin yaradılması, eləcə də neft və qaz boru kəmərlərinin əhəmiyyəti kimi məsələlərdən danışıblar.
Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi Azərbaycanın neft strategiyasının əhəmiyyəti və nəticələri barədə geniş məlumat verilib. Diqqətə çatdırılıb ki, bu uğurlu strategiya nəticəsində gerçəkləşən Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz kəmərləri, eləcə də tikintisi sürətlə aparılan TANAP layihəsi böyük bir coğrafiyada iqtisadiyyatın inkişafını təmin edib.
Azərbaycanın karbohidrogen ehtiyatlarının hər zaman böyük neft və qaz şirkətlərinin maraq dairəsində olduğunu qeyd edən alimlər ölkəmizdə neft və qaz yataqlarının kəşfi, işlənilməsi və sənayenin inkişafına təsiri barədə danışıblar.
Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Yadulla Paşayev konfransda iştirak edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul