İQTİSADİYYAT
Türkiyəli iş adamları Xəzər vasitəsilə beynəlxalq yükdaşımalarının həcmini artırmaq istəyirlər
Tbilisi, 3 may, AZƏRTAC
“Azərbaycan beynəlxalq yükdaşımalarında mühüm rol oynayır. Eyni zamanda, Böyük İpək yolunun Azərbaycansız istismarını və inkişafını təsəvvür etmək olmur. Lakin, bəzən bizdən asılı olmayan problemlər də yaranır. Məqsədimiz birlikdə həmin problemləri həll etmək, Asiya ilə Avropanı birləşdirən böyük layihələrin tez bir zamanda həyata keçirilməsinə nail olmaqdır. Bu layihələr bizim inkişafımızda mühüm rol oynayır.
Bu sözləri jurnalistlərə açıqlamasında Şərqi Qara dəniz İxracatçılar Birliyinin idarə heyətinin sədri Əhməd Hamdi Gürdoğan söyləyib. O deyib: “Bu gün biz, Türkiyədən, Gürcüstan və Azərbaycandan keçməklə Qazaxıstan və digər ölkələrə gəmi və bərələr vasitəsilə yük daşıyırıq. Batumidən Azərbaycana 12 saata daşınan yüklər, bəzən Azərbaycandan Qazaxıstana çox gec çatır. Buna Xəzər dənizində baş verən qasırğa, hündür dalğalar, bir sözlə, kəskin hava şəraiti səbəb olur. Biz, Xəzər dənizi vasitəsilə beynəlxalq yükdaşımalarının həcmini artırmaq və vaxt itkisinin qarşısını almaq üçün Azərbaycanda mövcud olan loqistik mərkəzlərin inkişafına dəstək vermək, yeni loqistik mərkəzi açmaqla dənizə yeni dalğaqıran gəmilərin buraxılmasını istəyirik”.
Əhməd Hamdi Gürdoğan bildirib ki, artıq bununla bağlı Azərbaycana təkliflər verilib və iki gündən sonra Bakıda keçiriləcək Azərbaycan-Türkiyə biznes forumunda da müzakirə olunacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi