SİYASƏT


Türkiyəli jurnalistlər Cocuq Mərcanlı kəndinə səfər ediblər

Bakı, 19 mart, AZƏRTAC

Milli Məclisin deputatı, Beynəlxalq Avrasiya Araşdırmaları İnstitutu İctimai Birliyinin rəhbəri Qənirə Paşayevanın dəvəti ilə Azərbaycanda olan Türkiyənin bir qrup tanınmış media qurumunun və jurnalist təşkilatlarının rəhbərləri martın 19-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Cəbrayıl rayonunun işğaldan olunan Cocuq Mərcanlı kəndinə səfər ediblər.

Dövlətqaçqınkomdan AZƏRTAC-a bildiriblər ki, Antalya Jurnalistlər Cəmiyyətinin, Akdəniz Jurnalistlər Federasiyasının (AJF) sədri və Türkiyə Jurnalistlər Konfederasiyası baş direktorunun müavini Mövlud Yeninin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri “Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri: jurnalistlərin gözü və sözü ilə...” layihəsi çərçivəsində təşkil olunub.

Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, deputatlar Qənirə Paşayeva və Astan Şahverdiyev Cocuq Mərcanlı kəndinə gələn nümayəndə heyətinə ermənilərin işğal olunmuş torpaqlarımızda törətdikləri vəhşiliklər, Azərbaycan Respublikası Prezidentinin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncamına əsasən, ərazidə aparılan minatəmizləmə əməliyyatları və tikinti işləri barədə məlumat veriblər. Bildirilib ki, işğalçı Ermənistan ordusu tərəfindən tamamilə dağıdılan Cocuq Mərcanlıda birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi həyata keçiriləcək. Növbəti mərhələdə isə 150 evin və digər infrastrukturun tikintisi və bərpası nəzərdə tutulur.

Sonra nümayəndə heyəti 24 ildir Cocuq Mərcanlıda atəş altında yaşayan Oqtay Həziyevin evinə baş çəkiblər. Ailə üzvləri ilə söhbət zamanı 80 yaşlı Minarə Hakiyeva bildirib ki, onlar doğma yurdlarını bir an da olsun tərk etməyiblər.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov qeyd edib ki, Oqtay Həziyevin ailəsi xalqımızın öz doğma torpağına necə bağlı olduğunu bütün dünyaya göstərib.

Kənddə aparılan tikinti-quruculuq işlərini müşahidə edən türkiyəli qonaqlar münaqişənin sülh yolu ilə həllinə ümid bəslədiklərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.