MƏDƏNİYYƏT
Türkiyəli şairlər Azərbaycan Yazıçılar Birliyində
Bakı, 27 may, Zərəngiz Mansurova, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Türkiyədə fəaliyyət göstərən Avrasiya Sənət, Mədəniyyət və Ədəbiyyat Federasiyası (ASKEF) və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə türkiyəli yazıçı, şair və KİV nümayəndələri ölkəmizdə səfərdədirlər.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin növbəti görüşü AYB-də olub. Birliyin katibi İlqar Fəhmi ASKEF ilə əməkdaşlığın əhəmiyyətindən danışıb. Federasiyanın sədri Savaş Ünal Azərbaycanda və Türkiyədə “Bir millət - iki dövlət!” kəlamının çox populyar olduğunu vurğulayıb, iki ölkənin sənət adamları arasında əməkdaşlıqdan söhbət açıb.
Çıxışlarda qədim tarixi köklərə malik türk xalqları ədəbiyyatının, elminin sürətlə inkişaf etdiyi və dünyada xüsusi yeri olduğu bildirilib.
Tədbirdə İraq-Türkmən Ədəbiyyatçılar Birliyinin təmsilçisi Esed Erbil, Kıbrıs Ağdəniz Universitetinin kənd təsərrüfatı və texnologiyası fakültəsinin dekanı, professor İbrahim Baktır, AYB-nin üzvləri, şair və yazıçılar şeirlərini oxuyublar.
Türkiyə nümayəndə heyətinin səfəri çərçivəsində görüşlər mayın 28-dək davam edəcək.