İQTİSADİYYAT
Türkiyənin “AKGİRİŞİM” şirkətinin nümayəndələri “Ekol Mühəndislik Xidmətləri” QSC-də olublar
Bakı, 6 mart, AZƏRTAC
“Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətində (QSC) Türkiyənin “AKGİRİŞİM” Kontrakt, Konsaltinq və Ətraf Mühit Texnologiyaları A.Ş. şirkətinin nümayəndələri ilə görüş keçirilib.
QSC-dən AZƏRTAC-a verilən məlumata görə, görüşdə müəssisənin baş direktoru Ramil Əliyev qonaqlara “Ekol Mühəndislik Xidmətləri”nin fəaliyyət sahələri barədə danışıb.
“AKGİRİŞİM”in nümayəndəsi Ahmet Maraşlı təmsil etdikləri şirkət haqqında görüş iştirakçılarına məlumat verib. Bildirilib ki, “Akkök Holdinq”in iri təsisçiləri tərəfindən yaradılmış “AKGİRİŞİM” şirkəti uzun illərdir fəaliyyət göstərir və Türkiyənin qabaqcıl inşaat şirkətlərindən biridir. Şirkət dünyanın bir çox ölkələrində müxtəlif layihələr həyata keçirir. Sənaye və mədəni-məişət obyektlərinin eləcə də yaşayış binalarının tikintisi, kimya sənayesi ilə yanaşı, bir sıra mühəndislik xidmətləri göstərən şirkət, həmçinin də çirkab-axıntı sularının təmizlənməsi və dəniz suyunun şirinləşdirilməsi kimi fəaliyyət sahələri ilə məşğuldur.
Qeyd edilib ki, görüşün əsas məqsədi “AKGİRİŞİM” şirkətinin çirkab-axıntı sularının təmizlənməsi texnologiyaları və istehsal etdikləri kimyəvi reagentlər haqqında “Ekol Mühəndislik Xidmətləri” QSC-ni məlumatlandırmaqdan və bu sahədə əməkdaşlıq etməkdən ibarətdir. Şirkətin nümayəndəsi çirkab-axıntı sularının təmizlənməsi texnologiyaları və istehsal etdikləri kimyəvi reagentlər haqqında elektron məlumatları görüş iştirakçılarına təqdim edib.
Görüşdə qarşılıqlı maraq doğuran mövzular ətrafında müzakirələr aparılıb.