CƏMİYYƏT


Türkiyənin Aksaray vilayətində Qarabağ parkı açılıb

İstanbul, 24 iyul, АZƏRTAC

Türkiyənin Aksaray vilayətində Qarabağ parkının və orada ucaldılan “Xarı bülbül” abidəsinin açılışı olub.

Bu münasibətlə təşkil olunan açılış mərasimində rəsmi şəxslər və yerli sakinlər iştirak ediblər.

Aksarayın mərkəzində yerləşən Qarabağ parkının salınması Milli Məclisin deputatı Qənirə Paşayevanın təşəbbüsü əsasında Aksaray bələdiyyə məclisinin qərarı ilə həyata keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (İB) dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ucaldılan “Xarı bülbül” abidəsinin müəllifi tanınmış heykəltəraş Akif Əsgərovdur.

Yalnız Qarabağda bitən, bülbülə oxşayan “Xarı bülbül” çiçəyi abidəsinin üzərində Xocalı faciəsinə görə fəryad edən ana təsviri, Xan qızı Xurşidbanu Natəvanın, böyük şair Vaqifin rəsmləri, muğam üçlüyü, Qarabağın, o cümlədən qədim Şuşanın tarixi yerləri öz əksini tapıb.

Açılış mərasimindən sonra “Qarabağdan Aksaraya könül körpüsü, Azərbaycan-Türkiyə qardaşlıq gecəsi” keçirilib.

Milli Məclisin deputatı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva açılış mərasimində və gecədə çıxış edib.

O, ümummilli lider Heydər Əliyevin Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı istiqamətində gördüyü tarixi xidmətlərdən, Prezident İlham Əliyevin Türkiyədə baş verən proseslərə göstərdiyi həssas münasibətdən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyətindən danışıb. Qeyd edib ki, iki qardaş ölkə və xalq arasındakı münasibətlər bütün dünya üçün nümunədir.

Bu il iyul ayının 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Alxanlı kəndində yaşayış məntəqələrinin və mülki obyektlərin hədəflənmiş şəkildə və qəsdən atəşə tutulduğunu diqqətə çatdıran Qənirə Paşayeva həmin gün qətlə yetirilən iki yaşlı Zəhra Quliyevanın fotosunu nümayiş etdirib, bu hadisəni amansız cinayət adlandırıb.

Tədbir Azərbaycandan olan musiqi qrupunun maraqlı ifalarından ibarət bədii hissə ilə davam edib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.