QAN YADDAŞI
Türkiyənin Aralıq bölgəsində keçirilən tədbirdə Xocalı soyqırımının dəhşətlərindən danışılıb
Aralıq, 27 fevral, AZƏRTAC
Türkiyənin Aralıq vilayətində Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Azərbaycanın Qars şəhərindəki baş konsulluğunun və “On beş iyul şəhid və qazi ailələri sosial köməkləşmə və həmrəylik” dərnəyinin birgə təşkilatçılığı əsasında Aralıq Dilucu Peşə və Texniki Anadolu Liseyində təşkil olunan mərasimdə Böyükşəhər bələdiyyə sədri Bayram Peksam, bölgədəki hərbi qarnizon komandiri, polkovnik-leytenant Mustafa Tamer, bu vilayətinin təhsil idarəsinin müdiri Hakan Cerit, AMEA-nın professoru Vəli Baxşəliyev, Heydər Əliyev Liseyinin rəhbərliyi, ölkəmizi bu bölgədə təmsil edən ziyalılar, elm və mədəniyyət xadimləri, QHT və KİV təmsilçiləri, Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Əvvəlcə Xocalı şəhidlərinin ruhuna “Qurani-Kərim”dən ayələr oxunub, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sonra Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev, “On beş iyul şəhid və qazi ailələri sosial köməkləşmə və həmrəylik” dərnəyinin sədri Qənbər Gözəlqaya və Aralıq vilayətinin icra başçısı Kəmal Duru çıxış ediblər.
Xocalı soyqırımı barədə ümumi məlumat verən natiqlər erməni millətçilərinin zaman-zaman Azərbaycan və Türkiyə xalqlarına qarşı törətdikləri ağır cinayətlərdən danışıblar. Diqqətə çatdırılıb ki, XX əsrin əvvəllərində erməni silahlılarının Türkiyənin şərqində, o cümlədən Aralıq bölgəsində dinc müsəlman-türk əhaliyə qarşı törətdikləri soyqırımlarının acı nişanələr bu gün də qalmaqdadır. Xocalı soyqırımı bütün bu cinayətlərin davamı və ən dəhşətlilərindən biridır.
Baş konsul Nuru Quliyev Xocalı soyqırımının əsl mahiyyətinin üzə çıxarılmasında və dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin tarixi missiyasından bəhs edib. Azərbaycan Milli Məclisinin 1994-cü ildə ilk dəfə Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyini diqqətə çatdırıb. Baş konsul əminliklə vurğulayıb ki, Xocalı soyqırımını törədənlər cinayət məsuliyyətinə cəlb olunaraq mütləq beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməlidirlər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Aralıq