CƏMİYYƏT
Türkiyənin Azərbaycandakı səfiri qardaş ölkə universitetlərindən məzun olan azərbaycanlılarla görüşüb
Bakı, 27 oktyabr, AZƏRTAC
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) üzvləri oktyabrın 27-də Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilə görüşüblər.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə səfir Erkan Özoral iyulun 15-də Türkiyədə baş verən dövlət çevriliş cəhdindən sonra qardaş ölkədə yaranmış ictimai-siyasi vəziyyət barədə məlumat verib. Diplomat qeyd edib ki, xalqın müdrikliyi və cəsarəti sayəsində Türkiyənin xaosa sürüklənməsinin qarşısı qətiyyətlə alınıb. Türkiyəli diplomat qardaş Azərbaycan xalqının ən çətin məqamda Türkiyə ilə həmrəylik nümayiş etdirməsindən məmnunluğunu bildirib.
TUMİB sədri Çingiz Bayramov səfiri ölkəmizdə yeni diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib. O, Türkiyə Cümhuriyyətinin yaranmasının 93-cü ildönümü münasibətilə qardaş ölkə xalqını təbrik edib. Ç.Bayramov Türkiyə universitetlərindən məzun olmuş azərbaycanlı gənclərin həmişə iki ölkə arasında əməkdaşlığın inkişafında körpü rolunu oynadıqlarını qeyd edib. TUMİB sədri rəhbərlik etdiyi qurumun üzvlərinin türk dünyasının liderləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin əbədiyaşar ideyalarına daim sadiq qaldıqlarını, iki ölkə arasındakı əlaqələrin inkişafına və güclənməsinə layiqli töhfə verdiklərini bildirib.