SİYASƏT
Türkiyənin Azərbaycandakı səfirliyində qardaş ölkədə terror aktı nəticəsində həlak olanların xatirəsi anılır
Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 10-da İstanbulda törədilmiş və çoxsaylı insanın ölümünə səbəb olmuş terror aktı ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb.
AZƏRTAC xəbər verir ki, dekabrın 15-də Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov səfirliyə gələrək Türkiyə xalqına başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıb. O, Azərbaycanda dərin kədərlə qarşılanan bu terror aktını kəskin şəkildə pislədiyini bildirib, şəhidlərə Allahdan rəhmət, yaralananlara şəfa diləyib. Baş nazirin müavini bildirib ki, qardaş ölkədə terror aktının törədilməsi və günahsız insanların həlak olması hamımızı dərindən kədərləndirir.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə müsahibəsində deyib: “Ötən həftəsonu İstanbulda törədilən terror aktı nəticəsində 44 vətəndaşımız həlak oldu. Çox kədərliyik. Lakin kədərli olduğumuz qədər də hiddətliyik. Kimsə terror aktları ilə nə Türkiyə dövlətini sarsıda, nə də Türkiyə xalqının gözünü qorxuda bilər. Biz terrorla sonadək mübarizə aparacağıq”.
Səfir vurğulayıb ki, Türkiyə xalqı terrorla mübarizədə hər zaman dövlətin yanında olub və bundan sonra da olacaq. Terrorçunun adı nə olur olsun - istər PKK, istər FETÖ, istərsə də İŞİD heç bir fərqi yoxdur. Terrorçular bilməlidirlər ki, Türkiyə xalqı onları məhv edəcək.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun, ictimaiyyətin nümayəndələri də səfirliyə gələrək başsağlığı verirlər.