SİYASƏT
Türkiyənin Baş naziri TDƏŞ-in nümayəndə heyəti ilə görüşüb
İstanbul, 27 avqust, AZƏRTAC
Türkiyənin Baş naziri Binəli Yıldırım avqustun 27-də İstanbuldakı qərargahında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Ramil Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
İyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd, o cümlədən ölkədə davam edən terror aktları ilə bağlı acı xəbərlərdən üzüldüyünü bildirən R.Həsənov qeyd edib ki, TDƏŞ hər zaman Türkiyə xalqının, dövlətinin və onun qanuni seçilmiş hakimiyyətinin yanındadır. O, rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, qarşıda duran vəzifələr, perspektivdəki layihələr barədə Baş nazirə məlumat verib.
Binəli Yıldırım Türkiyədə baş verən hadisələrlə bağlı göstərdiyi dəstəyə görə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına minnətdarlığını bildirib. Baş nazir diqqətə çatdırıb ki, Türkiyə tərəfi yarandığı gündən TDƏŞ-in səmərəli fəaliyyətinə verdiyi dəstəyi davam etdirir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul