CƏMİYYƏT


Türkiyənin Dənizli vilayətində Qarabağ parkının və Xocalı soyqırımı abidəsinin açılışı olub

A+ A

Bakı, 7 noyabr, AZƏRTAC

Türkiyənin Dənizli vilayətində Qarabağ parkının və Xocalı soyqırımı abidəsinin açılış mərasimi keçirilib.

Mərasimdə rəsmi şəxslər, deputatlar, ziyalılar, QHT, KİV rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Dənizli Bələdiyyəsinin sədri Osman Zolan bildirib ki, bir neçə ay əvvəl Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən konfransda çıxış edən Q.Paşayeva bu vilayətdə Qarabağ parkının açılması təklifini irəli sürmüşdü. “Bələdiyyə sədri olaraq qısa zamanda bu təklifin reallaşacağını söyləmişdim və bu gün parkın açılışını həyata keçirməkdən çox məmnunam”, - deyə O.Zolan əlavə edib.

Azərbaycana böyük sevgi bəslədiyini deyən bələdiyyə sədri bildirib ki, Qarabağ problemi, Xocalı soyqırımı bütün türklərin ağrısıdır. Dənizlinin mərkəzi bölgəsində yerləşən və böyük bir ərazini əhatə edən Qarabağ parkını ziyarət edəcək hər bir insan Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı məlumatları əldə edə biləcək. Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə qoyulmuş Qarabağ parkında hər iki qardaş ölkənin bayrağının bərabər dalğalanacağını deyən bələdiyyə sədri Azərbaycanın işğal altında olan torpaqlarının qısa zamanda azad edilməsini arzuladıqlarını və bunun üçün birlikdə mübarizə aparacaqlarını vurğulayıb.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi və İLESAM təşkilatının Azərbaycan təmsilçisi Xəyal Rza tədbirdə “Mən türkəm” adlı şeirini söyləyib və bu önəmli addıma görə Dənizli bələdiyyəsinə təşəkkürünü bildirib.

Parkın açılışında çıxış edən deputat Qənirə Paşayeva Ermənistanın təcavüzkar siyasəti, işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları, Xocalı soyqırımı, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hələ də öz evinə qayıda bilməməsi, beynəlxalq təşkilatların bunun üçün rəsmi Yerevana heç bir təzyiq göstərməməsi, ikili standartlar barədə çıxış edib.

Deputat bildirib ki, Azərbaycan və Türkiyə ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, bir millət, iki dövlətdir və bu gün Dənizlidə Qarabağ parkının və Xocalı soyqırımı abidəsinin açılışı dosta da, düşmənə də ciddi bir mesajdır. Q.Paşayeva deyib ki, Azərbaycan və Türkiyə arasında bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsi bölgədə gücümüzü daha da artırır. O, ümid etdiyini bildirib ki, Dənizlidəki bu parkın və abidənin açılmasından sonra bir çox bələdiyyələr də eyni addımı atacaqlar.

Türkiyəli deputat Nurəddin Aras Xocalı soyqırımından danışaraq bu cür abidələrin digər bölgələrdə də qoyulmasının vacibliyini vurğulayıb. O deyib ki, Türkiyə hər zaman torpaqlarının işğaldan azad olunması üçün çalışan qardaş Azərbaycanın yanındadır və yanında olacaq.

Çıxışlardan sonra Qarabağ parkının açılışı olub. Mərasim bir çox televiziya kanalları tərəfindən canlı yayımlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.