QAN YADDAŞI
Türkiyənin “Hürriyet” qəzetində ermənilərin Qarabağda törətdikləri vəhşiliklərdən bəhs edən məqalə dərc olunmuşdur
İstanbul, 7 mart (AZƏRTAC). Türkiyənin nüfuzlu “Hürriyet” qəzetində ermənilərin Qarabağda törətdikləri vəhşiliklərdən bəhs edən məqalə dərc olunmuşdur.
Müəllif Muammer Elveren “Qətliamın ayaq səsləri” sərlövhəli məqaləsində 1991-ci il sentyabrın 25-də Dağlıq Qarabağa səfər etdiyini nəzərə çatdırmış, erməni terrorçularının sovet silahlı birləşmələrinin dəstəyi ilə azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətindən söz açmışdır. Müxbir həmin vaxt erməni millətçilərinin sovet əsgərlərinin yardımı ilə Qarabağın dinc əhalisinə mütəmadi hücumlar etdiklərini, kəndləri yandırdıqlarını, qocaları, uşaqları amansızcasına qətlə yetirdiklərini vurğulamışdır. Məqalədə 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində içərisində Azərbaycanın dövlət və hökumət nümayəndələrinin də olduğu “Mi-8” vertolyotunun vurulmasından da bəhs edilmişdir.
M. Elveren 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni quldur dəstələrinin Xocalıda törətdikləri soyqırımı aktı barədə məlumat verərək bu hadisəni insanlığa sığmayan, bəşər tarixində analoqu olmayan bir faciə kimi xarakterizə etmişdir.
Azər Sarıyev
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul