Türkiyənin İzmit bələdiyyəsi ilə Bakının Nəsimi rayonu arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycanda səfərdə olan Türkiyənin İzmit bələdiyyəsinin nümayəndə heyəti Nəsimi Rayon İcra Hakimiyyətində olub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti ilə görüşdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov rayonun tarixi, coğrafi mövqeyi, burada yerləşən inzibati, sənaye, sosial, mədəniyyət, turizm obyektləri barədə ətraflı məlumat verib.
Asif Əsgərov son illərdə Azərbaycanın əldə etdiyi nailiyyətlər, ölkəmizdə müşahidə olunan sosial-iqtisadi inkişafdan, həyata keçirilən layihələrdən danışıb.
Söhbət zamanı iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrindən, münasibətlərimizin genişləndirilməsi istiqamətində atılan addımlardan da ətraflı bəhs olunub.
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının başçısı və Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin rəhbəri Bilal Dündar Azərbaycanın inkişafından qürur duyduğunu bildirib. O, təmsil etdiyi bələdiyyə ilə Bakı şəhəri Nəsimi rayonu arasında dostluq və qardaşlıq münasibətlərinin davam etdirilməsinin vacibliyindən danışıb.
O, ulu öndər Heydər Əliyevin Türkiyə-Azərbaycan münasibətlərinin inkişafındakı əvəzsiz xidmətlərini xüsusi qeyd edib.
Görüşdə Türkiyənin İzmit bələdiyyəsi ilə Nəsimi rayonu arasında əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.