CƏMİYYƏT


Türkiyənin Kahramanmaraş şəhərində “Türk dünyasının ortaq problemləri” mövzusunda konfrans keçirilib

A+ A

Bakı, 3 noyabr, AZƏRTAC

Türkiyənin Kahramanmaraş şəhərində “Türk dünyasının ortaq problemləri” mövzusunda konfrans keçirilib.

Konfransda çıxış edən Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva türk kökənli bütün insanları türk dünyasının müxtəlif bölgələrində yaşanan ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb. Türk və müsəlman dünyasının müxtəlif bölgələrindən gəlmiş fəal gənclərin qatıldıqları tədbirdə Q.Paşayeva ortaq tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı, eləcə də problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinin vacibliyini qeyd edib. Bölgədə son günlər gərginləşən vəziyyət barədə danışan deputat deyib ki, qardaşlıq yaxşı gündə də, çətin gündə də birlikdə olmaqdır. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, Prezident İlham Əliyevin “Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür” kəlamlarını xüsusi vurğulayan Q.Paşayeva Azərbaycanın və bütövlükdə türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından danışıb. Bildirib ki, harada doğulmasından və yaşamasından asılı olmayaraq hər bir türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının problemi bütün türk xalqlarının ortaq problemidir. Ona görə də biz bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə gənclərimizin üzərinə böyük vəzifə düşür.

Qeyd edək ki, Türkiyəyə səfəri çərçivəsində Qənirə Paşayeva Kahramanmaraşın bələdiyyə sədri Mehmet Fatih Erkoçla görüşüb.

Bələdiyyə sədri Kahramanmaraşda Qarabağ Parkının salınması ilə bağlı Azərbaycan Təhsil, Mədəniyyət və Dayanışma Dərnəyinin, qurumun rəhbəri Tural Şahbazlının ona müraciətinə və Q.Paşayevanın ötən görüşlər zamanı bu istiqamətdə səsləndirdiyi təklifə böyük həssaslıqla yanaşdıqlarını deyib. O, yaxın zamanlarda şəhərin mərkəzində Qarabağın adını daşıyacaq böyük parkın salınacağını söyləyib və artıq bu istiqamətdə işlərə başlanıldığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.