İQTİSADİYYAT
Türkiyənin “KoçSistem” şirkəti Azərbaycanda yeni texnologiyalar tətbiq edir
Bakı, 23 may, Xatirə Cəfərova, AZƏRTAC
Azərbaycanda informasiya texnologiyaları və “Elektron hökumət” sahəsində bir sıra yeni layihələr həyata keçirilir. Bu layihələr tək Bakını deyil, ölkənin bütün regionlarını əhatə edir. Yeni layihələrin reallaşdırılması prosesində elektron xidmətlər sahəsində böyük təcrübəyə malik Türkiyənin “KoçSistem” şirkəti də iştirak edir.
Şirkətin rəhbəri Məhmət Nalbantoğlu AZƏRTAC-a bildirib ki, “KoçSistem” hazırda Azərbaycanda bir sıra layihədə iştirak edir. Şirkət tərəfindən “ağıllı” binaların, stansiya mərkəzlərinin yaradılması ilə bağlı konkret təkliflər təqdim olunub. Eyni zamanda, elektron innovasiyaların tətbiqi, “Bakı-2015” birinci Avropa Oyunlarının təşkilində iştirakla bağlı da şirkətin planları var.
“Bizim əsas məqsədimiz ölkədə “Yüksək Texnologiyalar Parkı”nın fəaliyyətinin inkişafına dəstək olmaq, yeni texnologiyaların yaradılmasına, tətbiqinə və xarici bazarlara çıxarılmasına kömək etmək, 70 illik təcrübəmizi bölüşməkdir”, - deyə Məhmət Nalbantoğlu bildirib.
“KoçSistem” müştərilərinə konsaltinq, korporativ xidmətlər, biznes təcrübələri və əhatəli texnoloji xidmətlər göstərir.