MƏDƏNİYYƏT


Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlığa hazırdır

A+ A

Bakı, 27 sentyabr, AZƏRTAC

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlığa və onun layihələrində iştiraka hər zaman hazırdır.

AZƏRTAC xəbər verir ki, bunu sentyabrın 27-də Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşündə deyib.

Görüşdə G.Əfəndiyeva iyulun 15-də Türkiyədə çevriliş cəhdi zamanı həlak olanlarla əlaqədar başsağlığı verərək Azərbaycan xalqının hər zaman Türkiyə xalqının yanında olduğunu söyləyib. Qeyd edib ki, Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri bütün dünyaya örnək ola bilər.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və dünyanın bu problemə münasibətinə toxunulub və vurğulanıb ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həll olunmalıdır.

Türk Mədəniyyəti və İrsi Fondu haqqında məlumat verən G.Əfəndiyeva bildirib ki, qurum Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılıb və Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət başçıları tərəfindən dəstəklənib. Fondun məqsədi türk dünyasını, türk xalqlarını bir-birinə daha da yaxınlaşdırmaq, eyni zamanda, türk dünyasının sahib olduğu mədəni irsi qorumaq, araşdırmaq, dünyada təbliğ etmək və gələcək nəsillərə çatdırmaqdır. Bu istiqamətdə fəal iş aparır.

Görüş zamanı gələcəkdə görüləcək işlər, perspektivlər, o cümlədən Böyük İpək yolu, türk əl sənətləri, musiqi alətləri və türk mədəniyyətini təbliğ edən digər layihələr barədə müzakirələr aparılıb. Qeyd edilib ki, türk dünyasının böyük şəxsiyyətləri, abidələri ilə bağlı bir çox layihələr də nəzərdə tutulur.

Diqqətə çatdırılıb ki, Azərbaycan dövləti tərəfindən Türk Mədəniyyəti və İrsi Fondu bina ilə təmin edilib. Hazırda binada təmir işləri gedir və yaxın vaxtlarda binanın istifadəyə veriləcəyi gözlənilir.

Bakıya növbəti gəlişindən məmnunluğunu ifadə edən Nabi Avcı görüşdə müzakirə olunan bütün məsələləri və layihələri dəstəklədiklərini deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.