ELM VƏ TƏHSİL
Türkiyənin Qazi Universitetinin nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində olub
Bakı, 3 mart, AZƏRTAC
Türkiyənin Qazi Universitetinin rektoru Süleyman Büyükbərbərin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olub.
ADİU-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə qonaqlar universitetin MBA, İngilis Dilində Tədris, “SABAH” mərkəzləri və İnnovativ Biznes İnkubatoru ilə tanış olub, dərslərdə iştirak ediblər.
Sonra universitetin müəllimləri ilə görüş keçirilib.
ADİU-nun rektoru, professor Ədalət Muradov qonaqlara rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verib.
S.Büyükbərbər Qazi Universiteti barədə məlumat verərək bildirib ki, əsası 1926-cı ildə qoyulan bu ali təhsil ocağı tələbə sayına görə Türkiyənin ən böyük ali məktəbidir. Rektor rəhbərlik etdiyi universitetlə yanaşı, həmçinin dünya ali təhsil sistemində ortaya çıxan müasir meyillər və universitet idarəçiliyinin müxtəlif aspektləri haqqında fikirlərini bölüşüb, sualları cavablandırıb.
Sonra rektorlar iki universitet arasında əlaqələrin inkişafı məsələlərini müzakirə ediblər. ADİU-nun türk dünyası işlətmə fakültəsində magistratura pilləsi üzrə Qazi Universiteti ilə ikili diplom proqramlarının açılması, yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması və müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi üzrə qarşılıqlı razılıq əldə edilib.