DÜNYA
Türkiyənin Qaziantep şəhərində İŞİD terrorçularına qarşı əməliyyat keçirilib
Bakı, 16 oktyabr, AZƏRTAC
Türkiyənin Qaziantep şəhərində təhlükəsizlik qüvvələrinin İŞİD terror qruplaşmasının üzvü olan şəxslərin qaldıqları evdə həyata keçirdikləri əməliyyat zamanı yaxalanacaqlarını başa düşən terrorçular özlərini partladıblar.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, nəticədə üç polis əməkdaşı həlak olub, doqquz nəfər yaralanıb. Yaralananlardan beşi polis, dördü isə Suriya vətəndaşıdır.
Əməliyyat nəticəsində Qaziantep vilayətində İŞİD terrorçu-kamikadze qruplarının rəhbəri Mehmet Kadir Cebael öldürülüb, bir nəfər isə yaxalanıb. Təhlükəsizlik qüvvələri evdə aşkarladıqları kompyuterləri və yaddaş disklərini araşdırmaq üçün müsadirə ediblər. Terrorçu Mehmet Kadir Cebaelin evdə olan həyat yoldaşı və iki övladı polis idarəsinə aparılıb.
Bölgədə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 19 nəfər şübhəli şəxs qismində saxlanılıb. Həmçinin 15 kiloqram partlayıcı maddə və tank əleyhinə mina aşkarlanıb.
Əməliyyat İŞİD terrorçularının şəhərdə partlayış törədəcəkləri ilə bağlı polisə daxil olan məlumat əsasında həyata keçirilib.