CƏMİYYƏT
Türkiyənin Qaziantep vilayətindəki parka igid döyüşçü İbad Hüseynovun adı veriləcək
Bakı, 27 avqust, AZƏRTAC
Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda şücaətlər göstərən igid Vətən övladlarının təbliğinə qardaş Türkiyədə də xüsusi əhəmiyyət verilir. Qarabağ müharibəsində iştirak etmiş igid döyüşçü, “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynova Qaziantep vilayətinin Şahinbəy rayon bələdiyyəsinin sədri Mehman Tahmazoğlunun göndərdiyi məktub bunun daha bir sübutudur.
AZƏRTAC xəbər verir ki, məktubda Kocaoğlan məhəlləsində salınmış parka türk dünyasının qəhrəman oğlu İbad Hüseynovun adının verildiyi, açılış mərasiminin avqustun 30-da təşkil olunacağı bildirilib. Bu gözəl təşəbbüsün Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənməsinin Qarabağ müharibəsində Vətən uğrunda döyüşmüş bütün oğul və qızlarımıza qardaş ölkədə verilən yüksək qiymətin göstəricisi olduğu qeyd olunub.
Mərasimdə Azərbaycan və Türkiyə parlamentinin deputatları, tanınmış ictimai-siyasi xadimlər, media təmsilçiləri, İbad Hüseynovun döyüş yoldaşları da iştirak edəcəklər.
Qeyd edək ki, bu, İbad Hüseynovun şücaətlərinə cari ildə Türkiyədə verilən ikinci böyük qiymətdir. Belə ki, bu il aprelin 28-dən Ankaranın Gölbaşı ərazisindəki küçələrdən biri İbad Hüseynovun adını daşıyır. Çanaqqala zəfərinin 100 illik yubileyi ərəfəsində keçirilən mərasim Azərbaycan-Türkiyə qardaşlığının daha bir sübutu kimi yadda qalıb. Tədbir Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Calal Gözəlin təşəbbüsü ilə gerçəkləşdirilib.