CƏMİYYƏT
Türkiyənin Vyanadakı səfirliyində erməni terroruna qurban olmuş diplomatların xatirəsinə lövhə açılıb VİDEO
Vyana, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 22-də Türkiyənin Vyanadakı səfirliyində erməni terrorunun qurbanı olmuş türk diplomatlarının xatirəsinə həsr edilən lövhənin açılışı olub.
Tədbirdə Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlu, Avstriyanın xarici işlər naziri Sebastian Kurts və dövlət nümayəndələri, Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların, türk icmasının və medianın təmsilçiləri iştirak ediblər.
Türkiyənin Avstriyadakı səfiri Hasan Gögüş erməni terror təşkilatlarının ötən əsrin 70-80-ci illərində türk diplomatlarına qarşı terror aktları törətdiyini bildirib. Qeyd edib ki, başda ASALA olmaqla erməni terror təşkilatları 1973-1984-cü illərdə dünyanın müxtəlif ölkələrində 23 terror cinayəti törədib, nəticədə 31 türk diplomatı həlak olub, onlarla insan yaralanıb. Şəhidlər sırasında Vyanada çalışan üç türk diplomatı da olub. Səfir qeyd edib ki, düz 40 il bundan öncə - 1975-ci il oktyabrın 22-də Türkiyənin Avstriyadakı səfirliyinə qarşı da amansız terror aktı həyata keçirilib. Həmin gün səfir Danış Tunalıgil səfirlikdəki kabinetində erməni terror təşkilatı ASALA-nın üç terrorçusu tərəfindən qətlə yetirilib. BMT-nin Vyana bölməsində çalışan Evner Ergün və Türkiyə səfirliyinin əməkdaşı Erdoğan Özen müxtəlif illərdə törədilmiş sui-qəsdlər nəticəsində həlak olublar.
Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlu Vyananın Avropanın mərkəzində yerləşən mədəniyyət, incəsənət və musiqi şəhəri olduğunu, bu şəhərə ayaq basan hər kəsin özü ilə xoş xatirələr apardığını bildirib. O əlavə edib ki, Vyana Osmanlı dövlətinin ilk diplomatik nümayəndəliklə təmsil olunduğu şəhər kimi Türkiyənin diplomatiya tarixində özünəməxsus yerə malikdir. Lakin bu şəhər burada diplomatların qətlə yetirilməsinə görə acı xatirələrlə də yadda qalır. Nazir əlavə edib ki, Türkiyə dövləti öz diplomatlarına qarşı törədilən və bu gün ölkənin müxtəlif bölgələrində hələ də davam edən terrorla üz-üzə qalsa da, heç zaman onun qarşısında baş əyməzib və əyməyəcək. O, bu günlərdə də Türkiyədə ölkənin gündəlik həyatını silkələyən terrorun qlobal bəla olduğunu qeyd edib. Nazir məqsədi insanları qorxu içində saxlamaq olan bu bəşəri bəlanın Türkiyənin əzm və iradəsini qıra bilməyəcəyini vurğulayıb.
Avstriyanın xarici işlər naziri Sebastian Kurts vəhşi terror aktlarını şiddətlə qınayaraq bu gün də beynəlxalq ictimaiyyətin terrora qarşı birgə mübarizə aparmalı olduğunu qeyd edib. O, hər iki ölkə arasında geosiyasi məsələlərdə mühüm tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib və türkiyəli həmkarına ölkəsinin terrora qarşı mübarizə, Avropaya qaçqın axını kimi aktual mövzularda göstərdiyi fəaliyyət və əməkdaşlığa görə təşəkkür edib.
Tədbirdə şəhid diplomatların ailələri adından Erdoğan Özenin həyat yoldaşı Monika Özen çıxış edib. Sonra şəhid diplomatların ailə üzvlərinə xatirə hədiyyələri təqdim olunub.
Tədbirin yekununda səfirliyin önündə şəhid türk diplomatlarının xatirəsinə həsr edilən lövhənin açılışı olub.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana