MƏDƏNİYYƏT
Türkiyənin aparıcı KİV nümayəndələri üçün press-tur təşkil edilib
Bakı, 17 may, AZƏRTAC
Azərbaycanın Türkiyədəki turizm nümayəndəliyi olan “Gateway” şirkəti ölkəmizin turizm potensialının işıqlandırılması məqsədilə qardaş ölkənin KİV nümayəndələri üçün Azərbaycana press-tur təşkil edib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Bakı şəhəri ilə tanışlıq olub, Dağüstü park, Azərbaycan Xalça Muzeyi, Dövlət Bayrağı Meydanı, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu, Şirvanşahlar sarayı, Qız qalası, Heydər Əliyev Mərkəzi, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Yanardağ”, paytaxtın bir sıra muzey və incəsənət obyektləri ziyarət edilib.
Xatırladaq ki, Azərbaycanın Türkiyədə turizm nümayəndəliyi fevralın 29-da açılıb. Nümayəndəliyin əsas fəaliyyəti ölkəmizə turist axınının artması istiqamətində prioritet ölkələrdən hesab olunan Türkiyədə təbliğat işinin gücləndirilməsidir.