CƏMİYYƏT
Türkiyənin tanınmış media nümayəndələri Azərbaycanda səfərdə olacaqlar
Bakı, 1 aprel, AZƏRTAC
Türkiyənin tanınmış kütləvi informasiya vasitələrinin təmsilçiləri Azərbaycan Mətbuat Şurasının dəvəti ilə aprelin 2-dən 5-dək ölkəmizdə səfərdə olacaqlar. Şuradan AZƏRTAC-a bildirilib ki, qardaş ölkənin “Sabah”, “Posta”, “Hürriyyət” qəzetlərinin, Fox, NTV, ATV, Kanal A, CNN türk və digər telekanallarının, həmçinin Anadolu Agentliyinin məsul şəxslərindən ibarət nümayəndə heyətinə Türkiyə Qəzetçilər Federasiyasının rəhbəri Mehmet Ali Dim başçılıq edəcək.
Səfərin məqsədi Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə daha yaxından çatdırılması istiqamətində aparılan fəaliyyətə dəstək vermək, o cümlədən birinci Avropa Oyunları ilə bağlı həyata keçirilməkdə olan işlərin geniş şəkildə işıqlandırılmasını təmin etmək, hər iki ölkə mediası arasındakı əməkdaşlığı daha da dərinləşdirməkdən ibarətdir.
Səfər çərçivəsində qonaqlar bir sıra görüşlər keçirəcək, Bakıdakı idman qurğuları ilə tanış olacaqlar.