DÜNYA
Türkiyənin xam neft idxalı 4,6 faiz artıb
Bakı, 22 avqust, AZƏRTAC
Türkiyənin xam neft idxalı iyunda keçən ilin eyni ayına görə 4,6 faiz artaraq 2 milyon 7 min ton olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilib ki, Türkiyə sözügedən ayda ən çox xam neft idxalını 1 milyon 88 min tonla İrandan həyata keçirib. İdxalda İranı 439 min tonla İraq, 156 min tonla Səudiyyə Ərəbistanı və 152 min tonla Küveyt izləyib.
Bu dövrdə Türkiyənin dizel idxalı ötən ilin eyni ayına görə 3,7 faiz azalaraq 1 milyon 120 min tona, aviasiya yanacaqları idxalı isə 37,2 faiz azalaraq 18 min tona enib. İyunda Türkiyə neft bazarının ümumi idxalı xam neft məhsulları idxalındakı artımla 4,4 faiz yüksələrək 3 milyon 514 min tona çatıb.
İyunda keçən ilin eyni ayı ilə müqayisədə neft məhsulları ixracı 14,3 faiz azalaraq 237 min 930 tona, gəmi yanacağı ixracı 62 faiz azalaraq 71 min tona enib. Aviasiya yanacağı ixracı isə 13,9 faiz artaraq 336 min ton olub. Bu dövrdə Türkiyə neft bazarının ümumi ixracı benzin növləri və gəmi yanacaqları ixracındakı azalmanın təsiri ilə 5,7 aşağı düşərək 786 min ton olub.
Türkiyənin ümumi neft məhsulu satışları iyunda keçən ilin eyni ayına görə 3,5 faiz artımla 2 milyon 335 min tona yüksəlib. Benzin satışları 8,6 faiz artaraq 212 min tona, dizel satışları isə 4,5 faiz artaraq 2 milyon 9 min tona çatıb. . Aviasiya yanacaqları satışları isə 12,3 faiz azalaraq 100 min tona enib.