MƏDƏNİYYƏT
Türkmənistanın Mərv şəhəri 2015-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib
Bakı, 21 noyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının Kazan şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mədəniyyət Nazirlərinin 32-ci dönəm toplantısı keçirilir. Toplantıda ölkəmizi Azərbaycan respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dönəm toplantısı çərçivəsində TÜRKSOY təşkilatının baş katibinin ötən il üçün həyata keçirilmiş layihələrə dair hesabatı dinlənilib və 2015-ci il üçün tədbirlər planı təsdiq edilib.
Bundan əlavə Düsen Kaseinovun 2017-ci ilədək yenidən TÜRKSOY-un baş katibi seçilməsi və Türkmənistanın Mərv şəhərinin 2015-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olması ilə bağlı qərar qəbul edilib.
Tədbirdə Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək ötən illər ərzində Azərbaycanda TÜRKSOY çərçivəsində keçirilən layihələrdən söz açaraq, növbəti ildə nəzərdə tutulan tədbirlərin yüksək səviyyədə təşkilinin vacibliyin vurğulayıb.