DÜNYA
Türkmənistanın ilk rabitə peyki kosmosa buraxıldı
Aşqabad, 28 aprel, AZƏRTAC
Amerikanın “SpaceX” özəl şirkəti Türkmənistanın “TürkmenAlem 52.0E” (TurkmenSat-1) - ilk rabitə peykini müvəffəqiyyətlə kosmosa çıxarıb. Aprelin 28-də “Falcon-9” raket-daşıyıcı Florida ştatının Kanaveral kosmodromundan start götürüb. Türkmənistanın ilk peyki orbitə nəzərdə tutulan vaxta müvafiq olaraq 32 dəqiqədən sonra yetişib.
Fransanın “Thales Alenia Space” şirkəti tərəfindən “Spacebus 4000 C2” peykinin platforması əsasında yaradılmış aparatın çəkisi 4,5 tondur. Qurğunun 15 il işləyəcəyi güman edilir.
Peyk səmada Türkmənistan üzərindən 35,7 min kilometr hündürlükdə olacaq və Avropa, Mərkəzi Asiya və Afrikanın bir neçə rayonu ərazisinə telekommunikasiya siqnalı ötürəcək. “SpaceX” şirkətindən verilən məlumata görə, “peyk orbitə çıxdıqdan sonra təkmilləşdirilmiş və qorunan telekommunikasiya siqnalı vasitəsilə Türkmənistana ilk peyk rabitə sistemini idarə etməyə imkan verəcək”.
Qeyd edək ki, Türkmənistanın ilk peykinin 2014-cü ilin noyabrında buraxılması nəzərdə tutulmuşdu. Lakin noyabrın sonunda Türkmənistan peykin buraxılmasının 2015-ci ilin birinci yarısına keçirildiyini rəsmi olaraq bildirib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad