İDMAN
Türkmənistanın kişilərdən ibarət voleybol komandası “Bakı-2017” Oyunlarının finalına çıxmağı planlaşdırır
Bakı, 11 may, Pərvanə Rəhimova, AZƏRTAC
Bu matç bizim üçün çətin oldu, çünki birinci idi. Birinci görüş isə həmişə çox çətin olur. Xüsusən də belə böyük arenada. Təbii ki, biz çox həyəcanlı idik. Komandamız mümkün qədər yaxşı oynamağa və Türkiyə yığmasına qalib gəlməyə çalışdı, amma texniki xətalara yol verdiyimizə görə bu dəfə uduzduq. Türkiyə komandası çox güclüdür və yüksək səviyyədə hazırlaşıb.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının iştirakçısı, Türkmənistan yığmasının voleybolçusu Arslanbəy İsgəndərov söyləyib.
Hər bir komandanın meydana udmaq üçün çıxdığını vurğulayan türkmənistanlı voleybolçu deyib: “Məqsədimiz sonrakı oyunlarda yaxşı oyun nümayiş etdirmək və qrupda ikinci yeri tutmaqdır”.
A.İsgəndərov qeyd edib ki, Bakıya ilk dəfədir gəlir və paytaxtımızın gözəlliyi onu valeh edib. O deyib: “Bakıda çoxlu sayda həm tarixi, həm də müasir arxitektura binaları var. IV İslam Həmrəyliyi Oyunları çox yüksək səviyyədə təşkil edilib. Dadlı Azərbaycan mətbəxini xüsusi vurğulamaq istəyirəm”.