ELM VƏ TEXNOLOGİYA


Türkologiya: elmin problemlərinə miqyaslı baxış

A+ A

Bakı, 8 iyul, AZƏRTAC

Bu günlərdə Azərbaycanda Atatürk Mərkəzi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru Nizami Cəfərovun “Türkologiyaya giriş” kitabını nəşr etdirib. Kitabın elmi redaktoru fəlsəfə doktoru Vəfa Abbasova, rəyçiləri tanınmış türkoloq professorlar Məmmədəli Qıpçaq, Buludxan Xəlilov və Yadigar Əliyevdir.

Həm ölkəmizdə, həm də türk dünyasında tanınan professor N.Cəfərov bu əsərdə türkologiyanın ən aktual problemlərinə toxunub. Belə ki, etnoloji elmlərdən biri olan türkologiyanın əsaslarını özündə ehtiva edən “Türkologiyaya giriş” kitabı əsas diqqəti türklərin mənşəyi, müasir türk xalqlarının ortaq əcdadları olan qədim türklərin etnoqrafiyası, ictimai-siyasi quruluşu, dünyagörüşü, dili, ədəbiyyatı, mədəniyyəti, türklərin diferensiasiyası prosesinin nəticəsi olaraq türk xalqlarının təşəkkülü, həmin xalqların ortaq və fərqli xüsusiyyətləri, müasir türk dünyası: diferensiasiya və inteqrasiya problemləri üzərində cəmləşdirir. Bu baxımdan professor N.Cəfərovun yenicə çapdan çıxmış bu əsərini türkologiya elminə sanballı töhfə hesab etmək olar.

AZƏRTAC əsərin “Giriş” hissəsini müəyyən ixtisarla təqdim edir.

Türkologiya - etnoloji (etnosları öyrənən) elmlərdən biri olub germanistika, romanistika, slavistika, iranşünaslıq, ərəbşünaslıq, qafqazşünaslıq kimi ən çox inkişaf etmiş elmlər sırasında xüsusi mövqeyə malikdir ki, bu, ilk növbədə, aşağıdakı səbəblərdən irəli gəlir:

a) türklərin qədim dövrlərdən başlayaraq dünya tarixi proseslərində ardıcıl və geniş miqyasda iştirakı;

b) türk xalqlarının müasir dünyada getdikcə artan iqtisadi, ictimai-siyasi və mədəni nüfuzu;

c) türkologiyanın mükəmməl bir elm olaraq zəngin təcrübəsi və ya ənənələri.

Hər bir etnoloji elmin dörd mühüm, fundamental mövzusu və ya problemi mövcuddur:

1) etnosun mənşəyinin müəyyənləşdirilməsi;

2) etnosun mentaliteti, etnik-mədəni xarakteri barədə aydın təsəvvür yaradılması;

3) etnosun diferensiasiyası və ya müxtəlif tayfalara, xalqlara, millətlərə bölünməsi prosesinin mümkün qədər dəqiq sxemləşdirilməsi və ya modelləşdirilməsi.

4) bu və ya digər etnosun diferensiasiyasının təzahürü olan (eyni etnik mənşədə birləşən) müstəqil xalqların münasibətləri (etnik diferensiasiya ilə inteqrasiyanın qarşılıqlı əlaqələri).

Bütün etnoloji elmlər kimi türkologiya da bu fundamental problemlərin həlli üçün ənənəvi (və universal) elmlərin - arxeologiya, etnoqrafiya, dilçilik, ədəbiyyatşünaslıq, tarixşünaslıq, siyasətşünaslıq və s. araşdırmalarına, çox hallarda isə həmin elmlərin əməkdaşlığına əsaslanır.

Etnologiyanın predmeti - etnosdur.

Etnos - insan cəmiyyətinin elə bir təbii təzahür formasıdır ki, özünün mental universal xüsusiyyətləri ilə meydana çıxıb həmin xüsusiyyətləri genetik (potensial) olaraq bütün tarixi boyu daşımaqda davam edir. Etnosun təbiəti ona olan fəlsəfi münasibət qədər ziddiyyətlidir; belə ki, təkamül qanununa görə, bütün etnoslar vahid bir insan mənşəyindən törədikləri halda, elə fərqli xüsusiyyətlərə malikdirlər ki, onların ortaq cəhətlərini tapmaq, praktik olaraq, xeyli ciddi maneələrlə qarşılaşır. Məsələn, dünyada mövcud olan minlərlə dilin eyni bir mənşədən törədiyini sübut edən metod və ya metodlar hələ ki, yoxdur… Yaxud müxtəlif irqlər, antropoloji və ya mental xüsusiyyətlər, etnik-mədəni davranış sistemləri, dinlər, dünyagörüşləri və s. bəşər cəmiyyətinin “çoxnövlülüy”ünün, təbiətən rəngarəngliyinin, genetik olaraq fərqliliyinin hər kəsin müşahidə edə biləcəyi, dərhal gözə çarpan göstəriciləridir. Qloballaşan dünyanın bərabərhüquqlu “vətəndaş”ı olan müasir insan da həmin dünyaya, özündən asılı olmayaraq, “rənglənmiş” şəkildə gəlir ki, bu, onun həm xarici, həm də daxili aləmində görünür.

Həm təbii, həm də ictimai hadisə olan etnos tarix boyu özünəməxsus əlamətləri qoruyub saxlamaqla yanaşı, başqa etnoslarla bu və ya digər dərəcədə qarşılıqlı əlaqədə mövcuddur. Ona görə də etnosun tarixinə kifayət qədər mürəkkəb diferensiasiya (bölünmə) və inteqrasiya (birləşmə) proseslərinin dialektikasında baxmaq lazım gəlir. Çünki bir tərəfdən (xüsusilə təbii təsirlər altında), etnos diferensiallaşır (müstəqil hadisə olaraq daha ümumi etnik birlikdən ayrılır, təşəkkül tapıb formalaşır, öz növbəsində, tayfalara, xalqlara ayrılır); digər tərəfdən (xüsusilə ictimai-siyasi səbəblərdən), inteqrasiyaya daxil olur, ya bütövlükdə, ya da özünün müxtəlif təzahürlərində (tayfa, xalq, millət) başqa etnoslarla, onların müxtəlif təzahürləri ilə çoxtərəfli kontaktlarda iştirak edir. Məsələn, tarixdən məlumdur ki, Hun imperiyasını təşkil edən xalqlar, həmin imperiyada türklər aparıcı mövqeyə malik olsalar da, etnik mənşə baxımından fərqli idilər, lakin bu, hunların dünya tarixində vahid (bütöv) bir siyasi-ictimai hərəkatın subyekti kimi çıxış etmələrinə mane olmadı.

Yer üzündə bu gün iyirmidən çox türk xalqı mövcuddur ki, onların ümumi sayı (nüfuzu) iki yüz əlli milyona çatır: türklər və ya Türkiyə türkləri, azərbaycanlılar və ya Azərbaycan türkləri, uyğurlar, özbəklər, qazaxlar, tatarlar, türkmənlər, qırğızlar, çuvaşlar, başqırdlar, qaqauzlar, saxalar, qaraqalpaqlar, qumuqlar, tuvalar, qaraçaylar, balqarlar, altaylar, noqaylar, sorlar, qaraimlər və s.

Türk xalqlarının sayının müxtəlif mənbələrdə müxtəlif rəqəmlərlə (əsasən iyirmidən iyirmi beşədək) göstərilməsi onunla bağlıdır ki, bir sıra türk mənşəli toplumların müstəqil xalq, yoxsa bu və ya digər türk xalqının tərkib hissəsi olması mübahisələridir; məsələn, Sibir tatarlarının, Axısqa türklərinin, sarı uyğurların…

Türk xalqlarının təsnifinin (bölgüsünün) “dərinləşdirilmə”si ilə yanaşı, ümumiləşdirilməsi təcrübəsi də vardır: oğuzlar, qıpçaqlar və karluqlar.

Bugünkü türklərin mütləq əksəriyyəti müsəlman olsalar da, xristian, iudaist, şamançı… türklər də mövcuddur.

Avrasiyanın geniş bir coğrafiyasında qədim dövrlərdən etibarən məskunlaşmış türk xalqları “türk dünyası”nı təşkil edirlər.

“Türk” etnoniminin biri digəri ilə etimoloji baxımdan bağlı olan üç mənası göstərilir: 1) “törəmiş”, “yaranmış”; 2) “törəsi (qayda-qanunu) olan” və 3) “igid”, “qüdrətli”, “möhtəşəm”.

Tarix səhnəsinə bizim eradan əvvəl III (bir sıra gümanlara görə isə IV, hətta V) minilliklərdə çıxmış türklərin ən azı beş min illik zəngin bir “tərcümeyi-hal”ı vardır ki, bunun izlərinə dünyanın, xüsusilə Avrasiyanın geniş bir coğrafiyasında həm maddi, həm də mənəvi abidələr olaraq hər addımda rast gəlinir. Altay dağlarından başlamış Avropanın içərilərinə, eləcə də şimal-qərb və cənub-qərb istiqamətlərində yayılan türk varlığı dünyanın iqtisadi, ictimai-siyasi və mədəni tarixinin üzvi tərkib hissəsidir. Bu mükəmməl (və möhtəşəm) etnos bütün tarixi boyu müxtəlif etnoslarla çoxtərəfli (və ardıcıl) mədəni mübadilələrdə iştirak edib ki, burada əsas təbii-texnoloji səbəblərdən birincisi türklərin hüdudsuz çöl (düzənlik) həyatı yaşamaları idisə, ikincisi ən qədim zamanlardan atlı mədəniyyətə (qeyd edək ki, at - “tarix yaradan heyvan” sayılır) yiyələnmələri olub.

Türklər ən qədim dövrlərdən etibarən Avrasiyanın geniş çöllərində uzun əsrlər mövcud olmuş qüdrətli dövlətlər, imperiyalar qurub, yüksək ictimai-siyasi idarəçilik texnologiyaları nümayiş etdiriblər.

Həmişə olduğu kimi bu gün də türkologiya elminin (və türkoloqun) sərəncamında dünyanın Turan- Türküstan genişliyində bir araşdırma meydanı var.

Türkologiyanın zəngin elmi-nəzəri arsenalına həm xronoloji, həm də sinxron olaraq aşağıdakılar daxildir:

a) yüz illər boyu aparılmış araşdırmalar, başqa sözlə, klassik türkologiya;

b) müasir dövrdə gedən tədqiqat proseslərinin nəticələri;

c) mövcud araşdırmaların polemik perspektivləri.

“Türkologiyaya giriş” özündə etnoloji elmlərdən biri olan türkologiyanın əsaslarını ehtiva edir. Əlbəttə, onun məqsədi heç də türkologiyanın bütün problemlərini, yaxud bir problemin bütün tərəflərini, tam miqyasını əhatə etmək deyil. Əslində bu, nə nəzəri, nə də praktik baxımdan mümkün də olmazdı.

“Türkologiyaya giriş” əsas diqqəti aşağıdakı problemlər üzərində cəmləşdirir:

1) türklərin mənşəyi;

2) müasir türk xalqlarının ortaq əcdadları olan qədim türklərin etnoqrafiyası, ictimai-siyasi quruluşu, dünyagörüşü, dili, ədəbiyyatı, mədəniyyəti və s.;

3) türklərin diferensiasiyası prosesinin nəticəsi olaraq türk xalqlarının təşəkkülü, həmin xalqların ortaq və fərqli xüsusiyyətləri;

4) müasir türk dünyası: diferensiasiya və inteqrasiya.

Türkologiyada bu problemlər geniş araşdırılıb, müəyyən elmi-nəzəri ümumiləşdirmələr aparılıb, müxtəlif mülahizələr irəli sürülüb.

“Türkologiyaya giriş”də həmin araşdırmalar, ümumiləşdirmələr və mülahizələr barədə ətraflı məlumat verilir. Eyni zamanda, nəzərdə tutulur ki, türkologiya elminin, haqqında bəhs olunan fundamental problemləri barədəki aydın təsəvvürlər digər məsələlərin də əsaslı öyrənilməsinə kömək edir. Məsələn, qədim türklərin hansı tarixi şəraitdə, hansı coğrafiyada və hansı etnoqrafik keyfiyyətdə təşəkkül tapdıqları doğru-düzgün təsəvvür edilmədən etnosun sonrakı taleyinin, digər etnoslarla çoxsaylı kontaktlarının səbəblərini, mahiyyətini anlamaq çətin olardı; yaxud türklərin diferensiasiysı, müstəqil xalqlara bölünməsi prosesində təbii (normal) təsnifatdan “kənarda qalmış” türk xalqlarının - saxaların və ya çuvaşların təşəkkül tarixini izah etmək ciddi problemə çevrilərdi və s.

Türklərin müstəqil xalqlara bölünməsi prosesinin tarixi məntiqindən, qanunauyğunluqlarından xəbərsizlik isə ona gətirib çıxarardı ki, bu günədək özünü heç bir müasir türk xalqına aid etməyib hələ də “tarixdə qalan” bir sıra türk mənşəli etnik qrupların təsnifatdakı yerini müəyyənləşdirmək, ümumiyyətlə, mümkün olmazdı.

“Fundamental” hesab edilən problemlərin bir mühüm xüsusiyyəti də “çoxkomponentl” olmasıdır. Məsələn, bu və ya digər etnosun həm mənşəyi (etnogenezisi), həm də müxtəlif xalqlara bölünməsi (diferensiasiyası) probleminin izahı 1) etnoqrafiya, 2) etnocoğrafiya, 3) dünyagörüşü, 4) dövlətçilik, 5) dil, 6) ədəbiyyat və s. komponent və ya paradiqmalara, eyni zamanda, bir sistem olaraq baxılmasını tələb edir.

“Türkologiyaya giriş”in strukturu onun mənimsənilməsi keyfiyyəti üçün çox mühümdür ki, burada aşağıdakı məqamların nəzərə alınması lazım gəlir:

a) mövzuların fundamentallığı və ya bütövlüyü;

b) mövzular arasında həm diaxron, həm də sinxron əlaqələr sisteminin gözlənilməsi, yəni bir mövzunun digərinin davamı (və inkişafı) olması;

c) mövzuların müasir elmi, eləcə də ictimai təfəkkür üçün aktuallığı.

Bu prinsiplərə əsaslanaraq kitabda “Giriş”in belə bir strukturu təklif olunur:

I. Türkologiyanın tarixi.

II. Qədim türklər.

III. Türklərin diferensiasiyası.

IV. Müasir türk dünyası.

Türklər tarix səhnəsinə insanı (və dünyanı) dərk etməyə çalışan zəngin mifologiyaları, eposları, möhtəşəm dövlətləri (və tarixdə məşhur imperiyaları), geniş bir coğrafiyada yayılmış mükəmməl yazı mədəniyyətləri və s. ilə çıxıblar. Bu etnosun təbii-tarixi yolla orta əsrlərin sonlarına doğru iyirmidən artıq xalqa diferensiasiyası da məlumdur ki, həmin xalqlar özlərinəməxsus türk mənşəli dil, ədəbiyyat və mədəniyyətləri, dövlət idarəçiliyi təcrübələri ilə bu gün də inkişaf etməkdə, türk dünyasının (və dünya birliyinin) üzvi tərkib hissəsi olmaqdadırlar.

“Türkologiyaya giriş” türkologiya elminin (və türklərin) öyrənilməsində, təbii ki, akademizmi əsas alır, bununla belə hər hansı siyasi-ideoloji iddialarla intellektual səviyyədə polemikalarda iştirakdan da geri çəkilmir. Çünki müasir dünya heç bir ideyanı, yaxud elmi mülahizəni müzakirəsiz və ya mübahisəsiz qəbul etmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.