ELM VƏ TƏHSİL
“Türkologiya” jurnalının nəzdində növbəti seminar
Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Türkologiya” jurnalının növbəti seminarı keçirilib.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, professor Elbrus Əzizovun moderatorluğu ilə keçirilən seminarda görkəmli türkiyəli alim, professor Əhməd Bican Ercilasunun “Başlanğıcdan iyirminci əsrə - türk dil tarixi” kitabı müzakirə və təhlil edilib.
Əvvəlcə “Türkologiya” jurnalının məsul katibi Elçin İbrahimov iştirakçılara seminar barədə məlumat verib. Bildirilib ki, seminarın təşkilinin əsas məqsədi görkəmli türkoloqların iştirakı ilə türkologiya elminin nailiyyətlərini və problemlərini müzakirə etmək, gənc türkoloqları bu elmin canlı əfsanələri ilə tanış etmək, türkologiya elminin inkişafına, onun digər elm sahələri ilə əlaqəsinin daha sıx qurulmasına və bu elm sahəsinin şaxələndirilməsinə kömək göstərməkdir.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Möhsün Nağısoylu “Türkologiya” jurnalının tarixi və bugünkü vəziyyəti ilə bağlı məlumat verib. Qeyd edilib ki, jurnal AMEA rəyasət heyətinin müvafiq qərarından sonra tərkibini daha da genişləndirib, onun beynəlxalq məsləhətçiləri sırasına dünyanın müxtəlif ölkələrindən, dilçi, ədəbiyyatşünas, tarixçi, folklorşünaslıq və digər sahələrdən mütəxəssislər daxil edilib.
M.Nağısoylu bildirib ki, jurnalın yüksək səviyyəli seminarlar keçirməsi təbii ki, yüksək təşkilati düşüncəyə sahib olan jurnalın baş redaktoru akademik Kamal Abdulla kimi elm adamına xas ola bilər. Çünki akademik Kamal Abdulla jurnala baş redaktor təyin olunandan sonra onun rubrikalarında və burada çap edilən məqalələrdə ciddi dəyişikliklər olub. Bu gün artıq üç nömrəsi çapdan çıxan jurnalda bütün bunları açıq-aydın görə bilirik. Bugünkü seminarın mövzusu da çox aktual problemə və türkologiyada yeni səhifələr açan çox dəyərli bir əsərin müzakirəsinə həsr olunub. Bu seminar da türkologiya elminin inkişafına öz töhfəsini verəcək.
Seminarda “Başlanğıcdan iyirminci əsrə - türk dil tarixi” kitabı barədə professor Elbrus Əzizovun məruzəsi dinlənilib. Alim kitabın “Türk dillərinin dünya dilləri arasındakı yeri”, “Altay dilləri nəzəriyyəsi”, “Böyük dil ailələri nəzəriyyəsi”, “Nostratik nəzəriyyəsi”, “Avrasyatik nəzəriyyəsi” bölmələri barədə danışıb, bu gün də türkologiya elmi üçün maraqlı olan bir çox məqamlara aydınlıq gətirib.
E.Əzizov dünya dillərinin təsnifatından, türkləri ən qədim ana yurdları və ən qədim qonşuları, Şümer-türk əlaqələrindən, türklərin əvvəlki qədim ənənələrindən, saklarla türklərin tarixi əlaqələrindən, “Alp-Ər Tonqa” dastanından, Asiya hunları, “Oğuz Kağan dastanı”, Asiya hunları və türk dil əlaqələri, Türküstanda, Əfqanıstanda və Hindistanda yaşayan türklər, Avropa hunları və türk dil əlaqələri, göytürklər, göytürklər və türk dili, Orxon-Yenisey daş kitabələri, Uyğur əlifbası, qaraxanilər, qaraxanilər və türk dili əlaqələri və digər mövzular barədə ətraflı məlumat verib.
Sonda iştirakçıların sualları cavablandırılıb