ELM VƏ TƏHSİL
Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri müzakirə edilib
Bakı, 5 may, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XIV beynəlxalq elmi-praktik konfrans keçirilib.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, konfransda universitetin rektoru, professor Fərəh Əliyeva on dörd ildir ənənəvi keçirilən tədbirin əhəmiyyətindən danışıb, təqdim edilən mövzuların aktuallığını vurğulayıb. Rektor konfransın türkdilli xalqların musiqi ənənələri sahəsindəki problemlər və onların həlli yollarının araşdırılacağına, ortaq mədəniyyətimizin inkişaf perspektivlərinin müəyyənləşdiriləcəyinə əminliyini bildirib. F.Əliyeva son zamanlar gənc alimlərin, tədqiqatçıların fəallığının artmasını, onların konfransa müxtəlif maraqlı mövzularla qatılmalarını Azərbaycan incəsənətinin, musiqi sənətinin inkişafında müsbət hal kimi dəyərləndirib.
Konfransın materialları toplu şəklində çap olunub. Topluda Azərbaycan, Türkiyə, Oman, Gürcüstan və Kazandan olan 50-dək tədqiqatçının məqaləsi yer alıb.
Tədbirdə Türkiyə səfirliyinin təhsil müşaviri Abdulqafur Büyükfırat, Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları iştirak ediblər.
Sonra müxtəlif mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb, suallar cavablandırılıb.