MƏDƏNİYYƏT
“Türkvizyon- 2014” Beynəlxalq musiqi müsabiqəsində üç ölkənin təmsilçisi məlumdur
Bakı, 24 sentyabr (AZƏRTAC). Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazanda bu il keçiriləcək “Türkvizyon-2014” Beynəlxalq musiqi müsabiqəsində Azərbaycan, Moldova və Tatarıstan təmsilçilərinin adı müəyyən olunub.
Azərbaycanı bu il “Türkvizyon- 2014” yarışmasında Elvin Ordubadlı təmsil edəcək. Gənc müğənni ATV telekanalında yayımlanan “Azərbaycanın səsi” adı altında təşkil olunan və 3 ay davam edən milli seçim turunun qalibi olub.
Moldovada keçirilən milli seçim turunda Mariya Topal,
Tatarıstanda isə Aydar Süleyman qalib gəlib.
Bu il “Türkvizyon” musiqi müsabiqəsinin finalı Türk dünyasının mədəniyyət paytaxtı elan olunan Kazanda keçiriləcək. 20-dən çox ölkə təmsilçisinin iştirak edəcəyi “Türkvizyon- 2014” mahnı müsabiqəsinin final konserti noyabrın 21-də 15 min tamaşaçı tutumu olan “Tatneft Arena” idman-konsert kompleksində baş tutacaq.