REGİONLAR


Tut tinglərinin əkilməsi üçün Zaqatalada 13 hektardan çox torpaq sahəsi ayrılıb

A+ A

Zaqatala, 6 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Yeni tut (çəkil) bağlarının salınması məqsədi ilə Çindən gətirilən 1,5 milyon ədəd tut tingindən 133 min ədədinin Zaqatala rayonu ərazisində əkilməsi nəzərdə tutulub.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tinglərin əkini üçün rayonun qəsəbə və kəndlərində dövlət və bələdiyyə fonduna aid 13 hektardan çox torpaq sahəsi ayrılıb. Gətirilən tinglərin 40 min ədədi Dağlı kəndinin yaxınlığında yerləşən 4 hektar torpaq sahəsində, 40 mini isə Yengiyan kəndində, bələdiyyə fonduna aid 4 hektar sahədə əkiləcək. Bundan əlavə Bəhmədli, Mosul, Maqov və Muxax kəndlərinin hər birində 10 min ədəd, Əliabad qəsəbəsi və Aşağı Tala kəndində isə ümumilikdə, 13 min ədəd tut tinginin əkilməsi nəzərdə tutulub. Hazırda bu kəndlərdə ayrılmış torpaq sahələrinin əkin üçün hazırlanması işləri aparılır, bəzi ərazilərdə isə artıq əkinə başlanılıb. Tinglərin əkininin qısa müddətdə başa çatdırılması üçün bütün zəruri təşkilati işlər görülüb.

Həmçinin baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədi ilə payız aylarında Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 8400, yerli bələdiyyələr tərəfindən isə 5520 ədəd tut tinginin əkilməsi təmin olunub.

Qeyd edək ki, respublikamızda baramaçılığın gələcək inkişafının təmin edilməsində ipəkqurdunun yem bazasının bərpa olunmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, rayonlarda yeni intensiv tipli tut bağlarının salınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 1,5 milyon ədəd tut tinginin alınması üçün Çin Xalq Respublikasının “Shandong Guangtong Silkworm Eggs Co” LTD şirkəti ilə tender müqaviləsi bağlanılıb. Müqavilənin şərtlərinə uyğun olaraq, dekabrın 2-də şirkət tərəfindən tədarük edilmiş 1,5 milyon ədəd tut tingi respublikamıza gətirilib və rayonlara paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.