CƏMİYYƏT
“Tütün - inkişaf üçün təhlükə!” mövzusunda görüş keçirilib
Bakı, 5 iyul, AZƏRTAC
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AQAC) ilə birgə “Tütün - inkişaf üçün təhlükə!” mövzusunda görüş keçirilib.
AQAC-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə tütünlə mübarizəyə dair qanunvericiliyin gücləndirilməsi sahəsində müvafiq işlərin əlaqələndirilməsi məsələsi müzakirə olunub.
Cəmiyyətin icraçı katibinin müavini Xalidə İsgəndərova bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumatlara görə, hazırda dünya əhalisinin 30 faizi tütün çəkir. İldə 6 milyon nəfər tütün tüstüsünün təsirindən yaranan ağır qeyri-infeksion xəstəliklərdən dünyasını dəyişir. Bunun 10 faizi siqaret çəkməyən, lakin başqalarının tütün tüstüsü ilə nəfəs alması nəticəsində əziyyət çəkir. Təəssüf ki, tütünün zərərli təsirindən ziyan çəkənlərin sayı getdikcə artır. Əgər kompleks tədbirlər görülməzsə 2030-cu ilədək dünya üzrə tütün tüstüsünün təsiri nəticəsində ölənlərin sayı ildə 8 milyondan çox olacaq.
Xatırladaq ki, bu sahədə fəaliyyət proqramları AQAC-ın regional mərkəzləri və rayon bölmələri vasitəsilə yerli dövlət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq şəraitində hazırlanaraq həyata keçirilir.