CƏMİYYƏT
Tütün əleyhinə mübarizə sahəsində Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsi yolları müzakirə edilib
Bakı, 29 sentyabr, Əziz Məmmədov, AZƏRTAC
İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) keçirilən tədbirdə tütün əleyhinə mübarizə sahəsində Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsi yolları müzakirə edilib. AZƏRTAC xəbər verir ki, tədbirdə İSİM, Səhiyyə Nazirliyi, Ombudsman Aparatı və KİV-lərin nümayəndələri iştirak ediblər.
İSİM-in nümayəndələri - əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev, səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov və layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə çıxışlarında bildiriblər ki, XX əsrin ikinci yarısında bir çox ölkələrdə ölümün əsas səbəbləri prinsipial dəyişikliklərə uğrayıb. Qan dövranı sistemi, onkoloji və bronxial-ağciyər xəstəlikləri, habelə şəkərli diabet kimi xroniki qeyri-infeksion xəstəliklər önə çıxıb. Problemin aktuallığı nəzərə alınaraq Azərbaycan Prezidentinin 2015-ci il 23 dekabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya” təsdiq edilib. Dövlətimizin başçısının Sərəncamını icra etmək üçün Mərkəz müntəzəm olaraq ictimaiyyət üçün informasiya-maarifləndirmə tədbirləri keçirir, gənclər arasında səhiyyə məsələlərinə dair forumlar təşkil edir. Azərbaycanda siqaret çəkməyə qarşı mübarizə istiqamətində tədbirlər, habelə ictimai səhiyyənin müşkül problemi sayılan siqaret çəkməyin ziyanı haqqında əhalinin məlumatlandırılmasına dair Mərkəzin müntəzəm həyata keçirdiyi tədbirlər haqqında məlumat verilib.
Qeyd edilib ki, siqaret çəkmək epidemiyasının qloballaşmasına cavab olaraq 2003-cü il mayın 21-də Dünya Səhiyyə Assambleyası tərəfindən Dünya Səhiyyə Təşkilatının tütün əleyhinə mübarizə üzrə Çərçivə Konvensiyası qəbul edilib və bu Konvensiya 2005-ci il fevralın 27-də qüvvəyə minib. Elə həmin il Azərbaycan Konvensiyanı ratifikasiya edib.
Tədbirdə tütün əleyhinə mübarizə üzrə qanunvericiliyin təkmilləşdirilməsinə dair tədbirlərdən biri kimi Texniki Məsləhət Qrupunun (TMQ) yaradılması haqqında qərar qəbul edilib. TMQ Azərbaycanın öhdəlikləri və beynəlxalq təcrübə əsasında Dünya Səhiyyə Təşkilatının tütün əleyhinə mübarizə üzrə Çərçivə Konvensiyasında qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər verməli, habelə tütün əleyhinə mübarizənin gücləndirilməsinə dəstək kampaniyalarında iştirak etməlidir. “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın həyata keçirilməsi üçün TMQ-nin tərkibinə Səhiyyə Nazirliyinin nəzdində yaradılan İcra və Əlaqələndirmə Qrupunun, İSİM-in, habelə müvafiq dövlət strukturlarının və vətəndaş cəmiyyəti orqanlarının nümayəndələri daxil olublar.
Diskussiyalarda tütün əleyhinə mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb, tövsiyələr dinlənilib, gələcək addımlar nəzərdə tutulub.