CƏMİYYƏT
Tütünçəkmə ilə mübarizə Azərbaycan səhiyyəsi qarşısında duran prioritet məsələdir
Bakı, 21 oktyabr (AZƏRTAC). Rusiya Federasiyasının paytaxtı Moskvada keçirilən Dünya Səhiyyə Təşkilatının (DST) tütünə qarşı mübarizə üzrə Çərçivə Konvensiyası tərəflərinin 6-cı sessiyasında Azərbaycan da təmsil olunub.
Azərbaycanın nümayəndə heyəti tərkibində Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Ceyhun Məmmədov da iştirak edib.
İSİM-dən AZƏRTAC-a verilən məlumata görə, sessiyada tütün məmulatlarının satışı və sağlamlıq məsələlərinə, tütün tüstüsünün təsirindən qorunmağa dair qanunvericiliyin tətbiqi problemlərinə nəzər yetirilib, bu problemlərin həlli yolları müzakirə edilib.
Müzakirələr zamanı İSİM-in direktoru Ceyhun Məmmədov məruzə ilə çıxış edib. İSİM-in direktoru tütünçəkmə ilə mübarizənin Azərbaycan səhiyyəsi qarşısında duran prioritet məsələlərdən biri olduğunu vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Respublikası 2005-ci il sentyabrın 20-də Çərçivə Konvensiyasına qoşulmaq barədə qanun qəbul edib.