REGİONLAR
Tütünçülüyün inkişafına göstərilən dövlət qayğısı ismayıllılı fermerlərin də bu sahəyə marağını artırıb
İsmayıllı, 5 avqust, AZƏRTAC
İsmayıllı rayonunda tütün yarpağının yığımı davam edir və builki mövsümdə bölgədə 25-30 ton qurudulmuş yarpaq istehsalı gözlənilir.
Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən ixracyönümlü məhsullardan olan tütünçülüyün inkişafı istiqamətində İsmayıllıda ötən ildən tədbirlərə başlanılıb.
Prezident İlham Əliyev avqustun 4-də Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində bildirib ki, 2021-ci ilə qədər tütün əkini sahələri iki dəfə genişləndirilməlidir. İndiki 3200 hektardan təqribən 6 min hektara çatdırılmalıdır. Buna imkan var və aidiyyəti qurumlar bu işlərlə ciddi məşğul olmalıdırlar. Dövlətimizin başçısı qeyd edib ki, əgər biz orta məhsuldarlığı 2 ton götürsək, hər il Azərbaycanda 12 min ton quru tütün istehsal olunacaq və bu, ölkəmizə böyük xeyir gətirəcək, valyutamız xaricə getməyəcək, əksinə, ixrac imkanlarımız da yarana bilər.
Tütünçülüyün inkişafına göstərilən dövlət qayğısı ismayıllılı fermerlərin də bu sahəyə marağını artırıb. Fermerlər dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə səylə çalışacaqlar. Keçən il 5, bu il isə 15 hektarda tütün yetişdirilib. Gələn il isə əkin sahələrinin xeyli çox olacağı gözlənilir.
Qeyd edək ki, builki mövsümdə tütün Topçu, Qalınçaq, Təzəkənd və Diyallı ərazi vahidlərində yetişdirilib. İstehsal olunan məhsul müqaviləyə əsasən Şəkidəki tütün qəbulu məntəqəsinə veriləcək.