REGİONLAR


Tütünə tələbatı yerli istehsal hesabına ödəmək üçün real imkanlar var

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC

Keçmiş SSRİ dövründə Azərbaycanda geniş təşəkkül tapmış və ölkənin aqrar sektorunda əhəmiyyətli yer tutan sahələrdən biri də tütünçülük idi. Respublikamız tütün istehsalına görə Moldova və Ukraynadan sonra üçüncü yeri tuturdu. Həmin dövrdə Azərbaycanda tütün əkini əlverişli torpaq-iqlim şəraitinə malik şimal-qərb bölgəsində - Qax, Balakən, Şəki və digər rayonlarda aparılırdı. Yüksək rentabelliyə malik olduğuna görə sonradan tütün yetişdirilməsi Şəki-Zaqatala zonasından Lerik-Yardımlı, eyni zamanda, ölkənin qərb bölgəsinədək genişləndirildi və 21 rayonu əhatə etdi.

Tütün iqtisadi əhəmiyyətinə görə Azərbaycanda

ikinci texniki bitki hesab olunur

Tütün iqtisadi əhəmiyyətinə görə Azərbaycanda ikinci texniki bitki hesab olunur. Vaxtilə ölkə üzrə istehsal olunan tütünün təxminən 50 faizi Zaqatala və Qax rayonlarının payına düşürdü. Lakin 90-cı illərdən etibarən bu bitkinin əkin sahələri kəskin şəkildə azalmağa başladı. Belə ki, 1987-ci ildə tütün əkilmiş sahələr 17 min hektar olduğu halda, 2015-ci ildə 1,4 min hektara, məhsul istehsal isə 65,2 min tondan (1986-cı il) 3,5 min tona qədər azaldı. Bu azalmanın əsas səbəbləri emal müəssisələrinin tam gücü ilə işləyə bilməməsi, tütün xammalının alış qiymətlərinin aşağı olması, həmçinin yerli emal müəssisələrinin xammalı xaricdən idxal etməyə üstünlük verməsi idi. 

Qeyd edək ki, vaxtilə ölkəmizdə tütün məhsullarının istehsalı ilə yalnız bir müəssisə - Bakı Tütün Kombinatı məşğul olurdu. Bundan əlavə Şəki, Zaqatala, Balakən, Qəbələ, Yevlax, Şərur və Masallı rayonlarında tütün fermentləmə zavodları da fəaliyyət göstərirdi. Həmin vaxt rentabelli işləyən Bakı Tütün Kombinatının maddi və texniki bazası yüksək səviyyədə idi. Lakin 1990-cı illərdən sonra bu kombinat rentabelliyin azalması, hətta istehsal olunmuş məhsulun maya dəyərinin gəliri üstələməsi, maddi və texniki bazanın köhnəlməsi səbəbindən fəaliyyətini dayandırdı. 1999-cu ildə “European Tobacco-Baku” Açıq Tipli Səhmdar Cəmiyyəti kombinatın səhmlərinə sahib oldu.

Digər bir müəssisə Zaqatalada fəaliyyət göstərən yerli “InterTobacco” şirkətinin müasir texnologiya əsasında qurulmuş zavodudur. Bu zavod Şəki, Zaqatala, Balakən və Qax rayonlarında tütünçülərlə bağlanmış müqavilələr əsasında fəaliyyət göstərir. Həmçinin Şəki şəhərində keçmiş tütün fermentləmə zavodunun bazasında yaradılmış “İlham M” MMC şirkəti məhsul istehsalçılarından quru tütün yarpağını tədarük edir.

Təbii iqlim şəraiti hər hektardan 35-37 sentner

keyfiyyətli tütün alınmasına imkan verir

Azərbaycanda tütünçülüyün və siqaret sənayesinin inkişafı üçün lazım olan bütün şərtlər var. Bu sektorda rəqabətədavamlı yerli və ucuz qiymətə xammal yetişdirmək üçün şərait, böyük ənənə və təcrübə, mütəxəssis bazası, emal fabrikləri və nəhayət daxili və xarici bazarlara çıxış imkanları mövcuddur.

Respublikanın təbii iqlim şəraiti hər hektardan 35-37 sentner keyfiyyətli tütün alınmasına imkan verir. Ən keyfiyyətli məhsul Şəki–Zaqatala bölgəsində və Naxçıvan Muxtar Respublikasında yetişdirilir.

Ötən il tütün və tütün məhsullarının idxalına

297 milyon 850 min ABŞ dolları məbləğində valyuta sərf olunub

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2015-ci ildə respublikaya 1779,04 ton tütün xammalı, 11522,84 milyon ədəd siqar, tütündən və onun əvəzedicilərindən hazırlanan siqaretlər, 1274,07 ton tütün əvəzediciləri, homogenləşdirilmiş və ya bərpa edilmiş tütün, tütün ekstraktları və essensiyaları gətirilib. Beləliklə, idxala 297 milyon 850 min ABŞ dolları məbləğində valyuta sərf olunub. İxrac isə cəmi 9 milyon 425 min ABŞ dolları təşkil edib. 

Ötən il Azərbaycan tütün xammalını əsasən Tanzaniya, Bolqarıstan, Braziliya, Gürcüstan, Hindistan, Xorvatiya, İspaniya, İtaliya, Livan və Macarıstandan alıb. İxrac əməliyyatları isə Rusiya, Belarus, Gürcüstan, İran və Misirlə aparılıb.

Beləliklə, rəqəmlərdən aydın görünür ki, tütün və tütün məhsullarının idxalına xeyli valyuta xərclənir. Halbuki respublikanın tütünə olan tələbatını yerli istehsal hesabına ödəmək yolu ilə valyuta axınının qarşısını almaq, habelə tütün və tütün məhsullarını xarici bazarlara çıxararaq ölkəmizə valyuta gətirmək imkanları mövcuddur.

Tütünçülüyün strateji əhəmiyyətli, iqtisadi cəhətdən səmərəli istehsal sahəsi olduğunu nəzərə alaraq, Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayın yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev tərəfindən ölkənin qeyri-neft sektorunun ənənəvi sahələrindən olan tütünçülüyün bərpasının vacibliyi vurğulanıb, bu sahənin inkişafı ilə əlaqədar aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib. Dövlətimizin başçısı deyib: “Bizim əhali nə qədər az siqaret çəksə, o qədər yaxşıdır. Bunun onların sağlamlığına, ailə büdcələrinə ancaq xeyri olacaq. Ancaq tütünçülüyün inkişafı bizə çox böyük imkanlar yaradacaq. Bu il keçən ilə nisbətən iki dəfə çox tütün istehsal ediləcək. Ancaq əlbəttə ki, bu rəqəm - 2500 ton bizi qane edə bilməz. Biz qısa müddət ərzində quru tütün istehsalını 10 min tona qaldırmalıyıq. Tütünçülüklə 14 rayonda məşğuldurlar. Bilirəm ki, bu yaxınlarda müəyyən edilən subsidiyalar rayon sakinlərini ruhlandırdı və dövlət də öz dəstəyini mütləq verməlidir. Quru tütünün ixracı ilə bağlı ciddi problemlər yoxdur. Ölkələr var ki, onu alırlar, gözləyirlər. Biz oraya daha da çox ixrac etməliyik və Azərbaycanda siqaretin istehsalını artırmalıyıq. Ona görə yox ki, bizim insanlar daha çox siqaret çəksinlər, ona görə ki, xaricdən az gəlsin”.

2015-ci illə müqayisədə tütün əkinləri 1000 hektar artırılıb

Dövlətimizin başçısının müvafiq göstərişlərinə əsasən tütünçülüyün dirçəldilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində 2015-ci illə müqayisədə tütün əkini sahələrində əhəmiyyətli artıma nail olunub. Belə ki, bu il respublika üzrə 2,4 min hektar sahədə (2015-ci il ilə müqayisədə 1000 hektar çox) tütün əkilib. Dövlət Statistika Komitəsinin sentyabrın 27-nə olan məlumatına görə, 2,6 min ton tütün yarpağı istehsal olunub. Hazırda emal müəssisələri tərəfindən yaş və quru tütünün tədarükü prosesi davam edir.

Qısamüddətli perspektivdə tütün istehsalının həcmini

ildə 30-40 min tona çatdırmaq mümkündür

Fermerlərin tədarük məntəqələrinə təhvil verdikləri tütünün alış qiymətləri də artırılıb. İstehsal və emal müəssisələri hazırda birinci növ yaş tütünün bir kiloqramını 25 qəpik (2015-ci ildə 1 kiloqram üçün 16 qəpik), ikinci növ yaş tütünün bir kiloqramını isə 15 qəpik (2015-ci ildə 1 kiloqram üçün 8 qəpik) olmaqla tədarük edir.

Azərbaycanda qısamüddətli perspektivdə tütün istehsalının həcmini hazırkı 3,5 min tondan ildə 30-40 min tona çatdırmaq üçün real imkanlar var. Tütünçülüyün inkişaf etdirilməsi üçün, ilk növbədə, bu sahə stimullaşdırılmalıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2016-cı il oktyabrın 5-də “Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, 2016-cı ildə istehsal olunan və emal müəssisələrinə satılmış quru tütünün hər 1 kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə tütün istehsalçılarına 0,05 manat məbləğində subsidiya veriləcək. Bu və digər tədbirlər ölkədə tütünçülüyün potensial imkanlarından səmərəli istifadə edilməsinə, istehsala marağın artırılmasına və əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına təkan verəcək.

İmran Cümşüdov

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.