CƏMİYYƏT
Tvinninq layihəsi Azərbaycanda miqrasiya sahəsində bir sıra yeniliklərin tətbiqinə töhfə verib
Bakı, 6 mart, AZƏRTAC
Martın 6-da Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev “Dövlət Miqrasiya Xidmətinin işçi heyətinin professional bacarıqlarının artırılmasına dəstək” adlı Tvinninq layihəsinin bağlanış mərasiminin iştirakçıları ilə görüşüb.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, xidmət rəisi qloballaşan dünyada miqrasiya siyasətinin ölkəmizin maraqlarına yönəldilməsi məqsədi ilə görülən işlərdən danışıb.
F.Nəbiyev Azərbaycan Respublikasında miqrasiya ilə bağlı mükəmməl qanunvericilik bazasının yaradılması və normativ-hüquqi sənədlərin tətbiqi, qanuni miqrasiyanın idarəolunması və qanunsuz miqrasiyaya qarşı effektiv və səmərəli mübarizə sahəsindəki yeniliklərdən bəhs edib. Qeyd edib ki, son illər respublikamızın sürətli inkişafı ilə əlaqədar olaraq miqrasiya proseslərinin intensiv xarakter almasına və miqrant axınının əvvəlki illərə nisbətən artmasına baxmayaraq miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Dövlət Miqrasiya Xidməti müsbət nəticələrə nail olub. Bu uğurların qazanılmasında beynəlxalq təcrübənin öyrənilməsinin, konkret olaraq Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın dərinləşməsinə daha bir töhfə olan 2013-cü ildən başlamış Tvinninq layihəsinin əhəmiyyətinə diqqət çəkib.
Bildirilib ki, layihənin hər bir komponenti üzrə mühüm nəticələr əldə olunub. Belə ki, layihə qanunvericiliyin təkmilləşdirilməsi, sistematik təhlil yolu ilə qeyri-qanuni miqrasiyanın qarşısının alınması, təlim vasitəsilə peşəkar bacarıqların artırılması, həmçinin ictimaiyyətin maarifləndirilməsi sahəsində bir sıra yeniliklərin tətbiqinə töhfə verib.
Layihənin tərəfdaş ölkələrdən olan nümayəndə heyətinin üzvləri Azərbaycanla bu əməkdaşlıqdan razı qaldıqlarını, Tvinninq layihəsinin çox yüksək nəticələrlə yekunlaşdığını, Dövlət Miqrasiya Xidməti əməkdaşlarının layihədə fəallığından məmnunluqlarını ifadə ediblər.
Layihənin müvəffəqiyyətlə həyata keçirilməsində xidmətlərinə görə Niderland Krallığının Repatriasiya və Geri Qaytarma Xidmətinin baş direktoru xanım Rodia Maas, Latviya Respublikasının Vətəndaşlıq və miqrasiya məsələləri idarə rəisinin müavini Janis Citskovskis, Rumıniyanın İmmiqrasiya üzrə Baş Müfəttişliyinin idarə rəisi Octavian Predescu və daimi tvinninq müşaviri Timoteüs Henricus Langemeijer fəxri fərmanla təltif olunublar.