MƏDƏNİYYƏT
Tvinninq layihəsi çərçivəsində İtaliyaya təlim səfəri
Bakı, 15 iyul, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti cari ilin iyulun 18-dən 23-dək İtaliyanın Florensiya və Roma şəhərlərində təlim səfərində olacaqdır. Səfər nazirliyin Avropa İttifaqı ilə birgə apardığı Tvinninq layihəsi çərçivəsində təşkil olunacaq.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, səfərin məqsədi geniş turizm mərkəzi olan Florensiya və Roma şəhərlərinin mədəniyyət sahəsinin idarəetməsi üsullarının nəzərdən keçirilməsi, həmçinin kitabxana və muzeylərin işi ilə tanış olmaqdır.
Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyətinə nazirliyin aparatının rəhbəri, Tvinninq layihəsinin komponent rəhbəri Rafiq Bayramov, beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Tvinninq layihə rəhbəri Vasif Eyvazzadə və bir neçə şöbənin əməkdaşları daxildir.
Səfər çərçivəsində Toskana Regional Hökumətinin, Toskana Muzeylər Şəbəkəsinin, Florensiya şəhər meriyasının və bələdiyyəsinin, Florensiya Uffici Qalereyasının, Florensiya UNESCO ofisinin, müxtəlif kitabxanaların rəhbər və nümayəndələri ilə görüşlər keçiriləcəkdir. Bununla yanaşı, iyulun 21-də Romada İtaliya muzey sisteminin inkişaf tarixi mövzusunda İtaliyanın Mədəni irs, Fəaliyyətlər və Turizm Nazirliyində görüş nəzərdə tutulub.
Səfər ərzində bütün görüşlər layihənin yerli müşaviri Alessandro Bianki tərəfindən müşayiət olunacaqdır.