ELM VƏ TƏHSİL
“Tvinninq” layihəsi uğurla reallaşdırılır
Bakı, 30 may, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Litva Dövlət Katibinin müavini, “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı “Tvinninq” layihəsinin Litva Respublikası tərəfdən layihə rəhbəri Alminas Maciulis ilə görüşüb.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə layihə çərçivəsində həyata keçirilmiş tədbirlər, həll edilmiş məsələlər, əldə olunmuş nəticələr barədə ümumi fikir mübadiləsi aparılıb.
Layihə rəhbərləri hesabat dövründə layihənin uğurla icra olunduğunu vurğulayıb, reallaşdırılan tədbirlərin layihənin ümumi məqsədlərinə öz töhfəsini verdiyini və gələcək inkişaf üçün zəmin yaratdığını qeyd ediblər.
“Tvinninq” layihəsinin icra vəziyyətinə dair fikirlərini bildirən tərəflər layihə üzrə həyata keçirilən tədbirləri qənaətbəxş qiymətləndiriblər.
Sonra “Tvinninq” müqaviləsinin müddəalarına uyğun olaraq növbəti tədbirlərə dair fikir mübadiləsi aparılıb, layihənin səmərəli tətbiqi ilə bağlı təklif və tövsiyələr verilib.
Görüşdə DİM Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov, DİM strateji inkişaf şöbəsinin müdiri - Azərbaycan tərəfdən layihə rəhbəri Fuad Mayılov, Litva Dövlət Qulluğu Departamenti direktorunun müavini - Rezident “Tvinninq” müşaviri Edvardas Zukauskas da iştirak ediblər.
Qeyd edək ki, “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı “Tvinninq” layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və iki il müddətində həyata keçiriləcək. Layihənin əsas məqsədi Azərbaycanda Avropanın qabaqcıl təcrübəsinə uyğun peşəkar və dayanıqlı dövlət qulluğu sisteminin daha da inkişaf etdirilməsinə töhfə vermək, dövlət qulluğu vəzifələrinin yeni təsnifat sisteminin yaradılması və bu sistemin dövlət qulluğuna qəbul, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi və əməyin ödənilməsi sistemi ilə əlaqələndirilməsidir. Layihə dövlət idarəetmə mexanizminin təkmilləşdirilməsi, təcrübə mübadiləsi, eləcə də milli qanunvericiliyin Avropa İttifaqı standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur.