CƏMİYYƏT
Tvinninq layihəsinin Almaniya və Polşa tərəfdən rəhbərləri Ombudsman Aparatında olublar
Bakı, 30 mart, AZƏRTAC
Tvinninq layihəsinin həyata keçirilməsi vəziyyətinin və layihə çərçivəsində gələcəkdə görüləcək işlərin müzakirəsi məqsədilə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Almaniya tərəfindən layihə rəhbəri Volker Ellenberger, Polşa tərəfindən layihə rəhbəri Miroslav Vroblevski, Almaniya Texniki Əməkdaşlıq Təşkilatının nümayəndəsi Bernd Şumaxer və Tvinninq layihəsinin rezident müşaviri Vulf Roever ilə görüşüb.
Elmira Süleymanova Azərbaycan ombudsmanının beynəlxalq əlaqələri sırasında Avropa İttifaqı ilə münasibətlərin xüsusi önəm daşıdığını, yaradılmış səmərəli əməkdaşlıq kontekstində Avropa İttifaqının Şərq Tərəfdaşlığı, Tvinninq və TAİEX layihələrində iştirak etdiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda tətbiq olunmuş, ombudsmanın əvvəlki illərdə Almaniya İnsan Hüquqları İnstitutu ilə birgə həyata keçirdiyi “Twinning Light” layihəsi hər iki tərəfin insan hüquqları təsisatlarının işinin təkmilləşdirilməsi baxımından əhəmiyyətli olub.
Görüşdə Tvinninq layihəsi çərçivəsində ötən ildən Avropa İttifaqının ekspertləri tərəfindən artıq 67 təlimin keçirildiyi, layihənin birinci komponenti üzrə nəzərdə tutulan işlərin tamamlandığı, Yunanıstana araşdırma səfərinin həyata keçirildiyi və bunun təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğu bildirilib. Eyni zamanda, qeyd olunub ki, layihənin uğurla həyata keçirilməsi üçün Azərbaycan ombudsmanı tərəfindən lazımi şərait yaradılıb.
Layihənin digər komponentləri üzrə qarşıda duran vəzifələr müzakirə edilib, ombudsman tərəfindən layihənin daha səmərəli həyata keçirilməsi istiqamətində tövsiyələr verilib.
Qonaqlar son dövrlər Azərbaycanda insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən islahatları və ombudsman Elmira Süleymanovanın bu sahədə həyata keçirdiyi çoxşaxəli fəaliyyəti müsbət dəyərləndirib, səmərəli əməkdaşlığa görə təşəkkür ediblər.
Daha sonra Avropa İttifaqı tərəfindən layihə rəhbərlərinin, Almaniya Texniki Əməkdaşlıq Təşkilatının, Avropa Ittifaqının Azərbaycandakı nümayəndəliyinin, İqtisadiyyat Nazirliyinin və Ombudsman Aparatının nümayəndələrinin iştirakı ilə layihənin həyata keçirilmə səviyyəsinin dəyərləndirilməsi məqsədilə xüsusi komitənin iclası keçirilib.
İclasda Tvinninq layihəsinin rezident müşaviri Vulf Roever məruzə ilə çıxış edərək 2016-cı il dekabrın 7-dən 2017-ci il martın 6-na qədər layihə çərçivəsində görülmüş işlər barədə geniş məlumat verib. Bildirilib ki, ümumilikdə, layihənin başlandığı vaxtdan bu gününədək təxminən 40 beynəlxalq ekspertin cəlb olunması ilə 70 ekspert missiyası həyata keçirilib. Bununla bağlı fəaliyyətin səmərəli nəticə verməsi üçün Azərbaycan ombudsmanı tərəfindən təşkilati dəstək verilib, missiyalar layihənin dörd komponentinin hər birini əhatə edib.
İclasda iştirak edən ekspertlər tərəfindən layihənin rüblük hesabatlarının tərtib olunması, gələcəkdə nəzərdə tutulan təlimlərin səmərəli təşkili ilə bağlı təklif və tövsiyələr verilib.