ELM VƏ TƏHSİL
Tvinninq layihəsinin Rəhbər Komitəsinin ilk iclası keçirilib
Bakı, 15 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) və Litva Dövlət Katibliyi tərəfindən birgə icra olunan, Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı Tvinninq layihəsinin Rəhbər Komitəsinin ilk iclası keçirilib.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, iclasda layihənin Aİ-dən tərəfdaş ölkə olan Litvanın müvafiq qurumlarının (Litva Dövlət Katibliyi, Litva Dövlət Qulluğu Departamenti və Avropa Sosial Fond Agentliyi), Azərbaycanın İqtisadiyyat Nazirliyinin (Proqram İdarəetmə Qurumu və SİBA), həmçinin Aİ-nin ölkəmizdəki nümayəndəliyinin və mərkəzin əməkdaşları iştirak ediblər.
İclasın əsas mövzusu Tvinninq layihəsinin birinci rübünü (17 oktyabr 2016-cı il – 31 yanvar 2017-ci il) əhatə edən hesabatın müzakirəsi olub.
Tədbirdə hesabat dövründə layihənin maneəsiz və uğurla icra olunduğu vurğulanıb, həyata keçirilən fəaliyyətlərin ümumi məqsədlərə töhfə verdiyi və gələcək inkişaf üçün zəmin yaratdığı diqqətə çatdırılıb. Bildirilib ki, layihənin başlandığı dövrdən birinci komponent üzrə (dövlət qulluğu vəzifələrinin qruplaşdırılması sistemi) ölkəmizə üç ekspert missiyası təşkil edilib və DİM-in beş əməkdaşı Litvada təlim səfərində olub.
Tvinninq layihəsinin icra vəziyyətinə dair fikirlərini bildirən iştirakçılar layihə üzrə keçirilən tədbirləri, bu istiqamətdə görülən işləri qənaətbəxş hesab ediblər.
Sonda ikitərəfli əməkdaşlığın növbəti mərhələləri müzakirə edilib, Tvinninq müqaviləsinin müddəalarına uyğun olaraq növbəti tədbirlərə dair fikir mübadiləsi aparılıb və layihənin səmərəli tətbiqinə dair təklif və tövsiyələr verilib.
Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycanda Avropanın qabaqcıl təcrübəsinə uyğun peşəkar və dayanıqlı dövlət qulluğu sisteminin daha da inkişaf etdirilməsinə töhfə vermək, dövlət qulluğu vəzifələrinin yeni təsnifat sisteminin yaradılması və bu sistemin dövlət qulluğuna qəbul, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi və əməyin ödənilməsi sistemi ilə əlaqələndirilməsidir. Layihə dövlət idarəetmə mexanizminin təkmilləşdirilməsi, təcrübə mübadiləsi, eləcə də milli qanunvericiliyin Aİ standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur.